10.11.2017

Fotomüsabiqənin qalibləri bəlli olub

Məktəblilər arasında təşkil olunmuş “Şanlı bayrağım” fotomüsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, idarənin müvafiq struktur bölmə rəhbərləri, "Məktəblinin dostu" layihəsinin rəhbəri Rüstəm Ağayev, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Azərbaycan Silahlı Qüvvələrinin veteranları Natiq Mehdiyev, Ülfət Həsənov, məşhur idmançılar Rəsul Çunayev, Teymur Məmmədov, Emil Məhərrəmov, müəllim, şagird və KİV nümayəndələri iştirak ediblər. 

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb, sonra şagirdlər tərəfindən fləşmob nümayiş olunub.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva paytaxtın 31 ümumi təhsil müəssisəsini əhatə edən "Məktəblinin dostu" layihəsi üzrə 122 nəfər əməkdaşın çalışdığını bildirib. Layihə çərçivəsində indiyədək çoxsaylı tədbir, müsabiqə və yarışların keçirildiyini nəzərə çatdıran idarə müdiri bütün bunların şagirdlərin asudə vaxtlarının səmərəli təşkilinə, tədris ocaqlarında sağlam mühitin formalaşmasına və Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə sadiq ruhda tərbiyə olunmasında müsbət təsiri olduğunu qeyd edib. Həmçinin, M.Vəliyeva müəllim-şagird-valideyn münasibətlərinin daha səmərəli qurulması baxımından “Məktəblinin dostu”nun üzərinə mühüm vəzifələr düşdüyünü nəzərə çatdırıb.

Tədbirdə çıxış edən digər qonaqlar bu cür müsabiqə və yarışların keçirilməsinin şagirdlərin vətənpərvərlik ruhunda böyüməsində böyük əhəmiyyəti olduğunu qeyd edərək əməyi keçən hər kəsə təşəkkür ediblər.

Daha sonra müsabiqənin final mərhələsinə layiq görülmüş 31 fotoşəklə baxış keçirilib. Münsiflər heyətinin seçimi əsasında 3 ən yaxşı fotoşəkil müəyyənləşdirilib. Müsabiqənin nəticələrinə əsasən, 194 və 317 nömrəli tam orta məktəblərdən təqdim edilmiş fotoşəkillər III, 61 nömrəli tam orta məktəbdən  təqdim olunmuş fotoşəkil II, 20 nömrəli məktəb-liseydən təqdim edilmiş fotoşəkil isə I yerə layiq görülüb.

Sonda I, II, III yerin qalibləri xüsusi hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, "Məktəblinin dostu" layihəsi tərəfindən “ASAN xidmət”lə birgə keçirilən “Şanlı bayrağım” adlı fotomüsabiqə Bakı şəhəri üzrə 31 ümumi təhsil məktəbini əhatə edib.   

Müsabiqənin keçirilməsində əsas məqsəd 9 Noyabr-Dövlət Bayrağı Gününü təbliğ etmək, şagirdlərdə bayrağa hörmət və sevgi hissini aşılamaq, həmçinin, onların istedadını üzə çıxarmaq, vətənpərvərlik duyğularını yaradıcı formada ifadə etmələrinə şərait yaratmaqdan ibarətdir. 

Müsabiqə çərçivəsində şagirdlər əvvəlcə mövzuya aid fotoları təhsil aldıqları məktəbdəki "Məktəblinin dostu"na təqdim ediblər. Həmin fotolardan məktəbdaxili qiymətləndirmədən keçənləri  office@mdx.edu.az elektron poçt ünvanına göndərilib. Hər bir fotonun qeydə alınması üçün Facebook-da #9noyabr haştaqı ilə minimum 5 paylaşma olub. office@mdx.edu.az elektron poçt ünvanına göndərilmiş fotolardan müvafiq meyarlara cavab verənləri “Məktəblinin dostu”nun rəsmi internet səhifəsində yerləşdirilib. Sonra peşəkar heyət tərəfindən hər məktəb üzrə bir foto müsabiqənin final mərhələsi üçün seçilib.

“Şanlı bayrağım” adlı fotomüsabiqənin final mərhələsi çərçivəsində 31 fotoşəkildən ibarət sərgi də təşkil edilib. Fotosərginin ölkə üzrə bütün “ASAN xidmət” mərkəzlərində nümayiş olunması nəzərdə tutulur. 


Açar sözlər: ,  ,  ,  ,