16.11.2017

Sosial problemlərin psixoloji profilaktikasına aparan interaktiv yol

“Uşaq Forum-teatrının şagirdlərin şəxsiyyətyönlü inkişafında rolu: ictimai nəqliyyatda davranış”

 

Artıq ictimaiyyətə məlumdur ki, Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”nin nəticələri bu yaxınlarda elan olundu. Çox şadam ki, müsabiqəyə təqdim etdiyim “Uşaq Forum-teatrının şagirdlərin şəxsiyyətyönlü inkişafında rolu: “İctimai nəqliyyatda davranış” mövzusunda forum-teatr” layihəsi də seçilmişlərin sırasındadır. Düşünürəm ki, ölkəmizdə təhsilin inkişafı naminə həyata keçirilən çoxsaylı tədbirlərdən biri olaraq bu müsabiqə də ciddi əhəmiyyətə malikdir.

Təbii ki, müsabiqəyə ölkəmizdə o qədər də populyar olmayan Forum-teatr ideyası ilə qatılmağımız təsadüfi deyil. Məlum olduğu kimi, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas hədəflərindən biri də istedadlı uşaqlar üçün xüsusi inkişaf proqramlarının hazırlanmasıdır.

Onu da bilirik ki, ibtidai sinif şagirdlərinin sosial-ictimai mühitlə əlaqələri, adətən, zəif olur: bu şagirdlər dərsdən kənarda daha çox öz uşaq dünyalarında olurlar və demək olar ki, bu sərhədlərdən kənara çıxışları məhduddur. Onların ətraf dünya ilə təması yalnız televiziya və kompüterlə məhdudlaşır. Şagirdlər cəmiyyətdən uzaq düşür, canlı ünsiyyətdən təcrid olunur, ətrafla münasibət qurmaqda çox hallarda çətinlik çəkir, öz fikrini ifadə etmək baxımından nitq problemləri yaşayırlar. Çox hallarda müxtəlif, rəngarəng vəziyyətlərdə məsuliyyətli və sərbəst qərarlar qəbul etmək çətinlikləri də keçirirlər. Onların kollektiv müzakirə, birgə fəaliyyət ənənəsi, demək olar ki, zəif olur. Hərtərəfli dünyagörüş, sərbəst düşüncə baxımından da mənzərə qənaətbəxş olmur. Aydındır ki, haqqında danışdığımız şərtlər daxilində şagirdlərin neqativ meyillərin təsirinə düşmək ehtimalları həmişə var. Sadalanan problemləri indiki təhsil prosesində əsas məqsəd kimi qarşıya qoyulmuş şəxsiyyətyetişdirmə prosesinə əngəllər hesab etmək olar. Ona görə düşündük ki, şagirdlərin şəxsiyyət kimi yetişməsinə, bilik və bacarıqlarının, dünyagörüşlərinin artmasına, onlarda ictimai davranış mədəniyyətinin formalaşmasına, istedadlarının aşkar olunmasına və bu potensialın gerçəkləşdirilməsinə yardım etmək üçün forum-teatr metodunun sınaqdan keçirilməsi faydalı ola bilər.

İndi dünyanın müxtəlif ölkələrində Forum-teatra müasir tədrisdə sosial problemlərin psixoloji profilaktikasını aparan interaktiv yol kimi baxılır. Metod təsirli sayılır və onun özünəməxsusluğu oyunçulara həm müşahidəçi, həm də aktyor kimi çıxış etmək imkanı verməsindədir. Forum-teatr üçün “İctimai nəqliyyatda davranış” mövzusunu seçməyimiz də təsadüfi deyil: məlumdur ki, aşağı sinif şagirdlərinin cəmiyyətlə təmasda daha çox olduğu məkan ictimai nəqliyyatdır. Belə ki, onların cəmiyyətdəki sosial-ictimai mənzərəni, ictimai həyatın rəngarəngliyini, daha çox bu məkanda müşahidə etmək imkanları var.

Bu layihənin gerçəkləşməsindən gözləntilərimiz böyükdür. Hesab edirik ki, gələcəkdə də bu istiqamətdə fəaliyyətin davam etməsi öz töhfələrini verəcək. Hər şeydən qabaq, kiçikyaşlı şagirdləri cəmiyyətdə baş verən hadisələrin mahiyyəti ilə yaxından tanış etmək, onlara birgəfəaliyyət, kollektiv müzakirə vərdişlərini aşılamaq, onlarda özünüifadə bacarığını, nitq qabiliyyətini inkişaf etdirmək, sərbəst düşüncə və qərarvermə qabiliyyətinin formalaşmasına təkan vermək baxımından bu layihənin uğurlu olacağına şübhəmiz yoxdur. Düşünürük ki, bu istiqamətdəki tədbirlərin davamlılığının şagirdlərin cəmiyyətdəki neqativ meyillərdən uzaq qalmasına, onların sosial təcridolunma probleminin aradan qaldırılmasına ciddi köməyi dəyə bilər.

Layihənin həyata keçirilməsi bir proses olaraq da əhəmiyyətlidir. Məsələn, bu prosesdə uşaqların teatrlara ekskursiyaları təşkil olunacaq ki, bu zaman onlar həm teatrla, teatr mühiti ilə bir sənət məkanı kimi tanış olacaq, həm də tamaşalara baxaraq praktik bilgilər əldə edəcəklər. Forum-teatrın təqdimatına qədər layihədə iştirak edən şagirdlərlə həftədə bir dəfə təlim keçiriləcək. Teatr mütəxəssislərinin aparacağı bu təlimlər uşaqların həyatına maraq qatmaqla bərabər, onların yaradıcılıq potensiallarının açılmasına yaxşı bir fürsət kimi dəyərləndirilə bilər. Forum-teatrın təqdimatının bu ilin dekabr ayının 20-nə qədər keçirilməsi nəzərdə tutulub.

Qeyd edim ki, oktyabrın 12-də Forum-teatrın iştirakçıları 8-9 yaşlı şagirdlərin arasından seçilmiş, onlara Forum-teatrın mahiyyəti haqqında məlumat verilmişdir. Bakı Uşaq Teatrı nəzdində Forum-klubun rəhbəri Arzu Soltan və rejissor Könül Şahbazova 27 oktyabr tarixindən həmin iştirakçılarla təlimlərə başlamışlar.

Layihənin həyata keçirilməsi nəticəsində uşaqlarda ictimai davranış qaydaları haqqında geniş bilgilərin formalaşması gözlənilir. Layihənin icrası ilə uşaqların öz “dar dünyalarından” kənara çıxmasına, onların ətraf aləmlə münasibət qurmasına yardım olunacaq. Şagirdlər ictimai yerlərdə, nəqliyyatda davranış mədəniyyəti barədə geniş bilgilər əldə edə biləcəklər.

 

Ceyhuna NOVRUZOVA,

Bakı şəhəri, N.Babayev adına 144 nömrəli tam orta məktəbin müəllimi


Açar sözlər: ,