27.11.2017

Yeni layihənin təqdimatı keçirilib

“Elektron sınaq qiymətləndirmə” layihəsinin təqdimat mərasimi təşkil olunub.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Anar Qədiməliyev, Təhsil Nazirliyinin İnkişaf proqramları şöbəsinin əməkdaşı Orxan Abbasov, Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bektaşi, 214 nömrəli tam orta məktəbin direktoru Esmira Ağayeva, layihəyə qatılan digər məktəblərin rəhbərləri, müəllimlər və ekspertlər iştirak edib.

“Elektron sınaq qiymətləndirmə” layihəsinin əsas məqsədi məktəblilərin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, yeni fənn kurikulumlarının tətbiqində məktəbdaxili qiymətləndirmənin rolunun daha da artırılması, həmçinin, təhsili idarəetmə orqanları tərəfindən şagird nailiyyətlərinin izlənilməsi sahəsində aparılan fəaliyyətə dəstək olmaqdan ibarətdir.

Təqdimat mərasimində məlumat verilib ki, 214 nömrəli tam orta məktəb tərəfindən həyata keçirilən layihə Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə dəstəklənib.

Layihə çərçivəsində 15 ümumi təhsil məktəbinin IV və IX sinif şagirdləri arasında elektron sınaq qiymətləndirmələrin təşkili üçün xüsusi proqram təminatı yaradılıb. Proqram təminatı vasitəsilə təlim dili, riyaziyyat və İngilis dili fənlərindən elektron sınaq qiymətləndirmələri keçiriləcək. Müasir qiymətləndirmə mexanizminin tətbiqi nəticəsində layihəyə cəlb edilmiş məktəblər üzrə şagird nailiyyətləri və onların inkişaf dinamikası barədə məlumatlar əldə olunacaq. Elektron sınaq qiymətləndirmələr şagirdlərin təcrübəsini artıracaq, şəxsi nailiyyətlərini izləmək imkanı yaradacaq.      

Qeyd edək ki, layihə barədə daha ətraflı məlumat www.sq.edu.az  saytında yerləşdirilib. 


 


Açar sözlər: ,  ,  ,