22.12.2017

Məktəblinin müəllimdə axtardığı keyfiyyətlər araşdırılır

Qrant müsabiqəsi üzrə qalib layihələr

 

“Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində dəstəklənən 120 layihənin 32-si Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində icra edilir. Həmin layihələrin 15-i ümumi təhsil müəssisələri, 17-si fərdi kateqoriya üzrə qalib layihələrdir. Layihələr 3-12 ay müddətində icra ediləcək. 

BŞTİ-nin tabeliyindəki məktəblərdə hazırda müxtəlif mövzuları əhatə edən layihələrin icra olunması ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilir. Konfrans, “dəyirmi masa”, seminar, mühazirə, “açıq dərs” və görüşlər, şagirdlərin qarşılıqlı səfərləri təşkil edilir. 

Layihələrin həyata keçirilməsi, ilk növbədə, məktəb mühitində canlanma yaradır. İndi hər kəs ideya və əməyə görə dəyərləndirməni daha real görür, həm ümumi təhsil müəssisələri, həm də ayrı-ayrı müəllimlər dövlət dəstəyini daha yaxından hiss edir. Bundan başqa, məktəblər və müəllimlər arasında sağlam rəqabət mühiti möhkəmlənir, yeni ideyaların axtarışı istiqamətində işlər genişlənir. 

“Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində reallaşdırılan layihələrin uğurları yeni ideyaların meydana gəlməsinə və təşəbbüskarlığın artmasına zəmin yaradır. Xüsusilə qeyd olunmalıdır ki, görülən işlərdən şagirdlər də örnək alır. Bu da onların gələcək nailiyyətlərinə müsbət təsir göstərir.

 

Şagirdlərin güvəndiyi, dərsə marağı artıran müəllimlər müəyyənləşdirilir

 

“Şagirdlərin güvəninin qazanılmasını və maraqlı dərs keçməyi təmin edən psixoloji keyfiyyətlərin və davranış modellərinin müəllimlərdə formalaşdırılması” layihəsi həyata keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 287 nömrəli “Zəkalar” liseyi tərəfindən reallaşdırılan layihə “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə dəstəklənib. Təcrübəli psixoloqların cəlb olunduğu layihənin əsas məqsədi şagirdlərin etimadını qazana bilən, tədris materiallarının rahat qavranılmasına və dərsə marağın artırılmasına nail olan müəllimlərin psixoloji profilini və davranış modellərini müəyyənləşdirməkdən ibarətdir. 

 

Məktəblinin təsəvvür etdiyi müəllim

 

Layihənin araşdırma mərhələsində 600-ə yaxın VI-X sinif şagirdi və 60 müəllim iştirak edib. Bu mərhələdə şagirdlər arasında iki sorğu keçirilib. Onlar əvvəlcə xüsusi seçilmiş müəllim prototiplərini “Öz dərsləri ilə oxumağa həvəsləndirən müəllim”, “Çətin anlarda yanımda olmasını istəyəcəyim müəllim”, “Heç bir halda dərsinə girmək istəməyəcəyim müəllim” kateqoriyaları üzrə semantik diferensial şkala ilə qiymətləndiriblər. Sonra isə məktəblilər öz müəllimlərini dəyərləndiriblər. 

Sorğuların nəticəsinin təhlili zamanı şagirdlərin müəllimləri qiymətləndirməsində mühüm olan faktorlar müəyyənləşib. Həmçinin, oğlan və qız şagirdlərin müəllim prototiplərini dəyərləndirməsində fərqlər müşahidə edilib. 

 

Müəllim-şagird münasibətləri möhkəmlənəcək

 

Layihə çərçivəsində müəllimlərlə əvvəlcədən hazırlanmış suallar əsasında müsahibə keçirilir. Müəllimlər üçün treninqlər də təşkil edilir. Onlara şagirdlərin dərsə marağının artırılması və müəllimlərə etimadın yüksəldilməsi yollarına dair yeni məlumatlar çatdırılır, üsullar öyrədilir.

Layihə çərçivəsində həyata keçirilən araşdırmanın yekunu olaraq, müəllim və şagirdlərlə aparılan işin nəticələri qiymətləndiriləcək. Şagirdlərin müəllimləri qiymətləndirməsinə dair mühüm psixoloji keyfiyyətlər toplusu hazırlanacaq. Həmçinin, dərsləri maraqlı keçən və asan qavranan, eləcə də şagirdlərin dəstək alacaq, şəxsi problemlərini paylaşa biləcək müəllimlər müəyyənləşəcək. Beləliklə, bu xüsusiyyətləri özündə cəmləşdirən müəllim portretini formalaşdırmaq mümkün olacaq. Bu isə həm müəllim, həm də məktəblilər üçün əlverişlidir. Çünki müəllim artıq şagirdin ondan nə istədiyini, şagird isə ona dərs deyən müəllimin kifayət qədər güvəndiyi şəxs olduğunu biləcək.

 

Aygün ƏHMƏDLİ,

Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin direktoru
 


Açar sözlər: ,  ,  ,