29.12.2017

Hesabatların dinlənilməsi başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) 2017-ci il ərzində görülmüş işlərə dair hesabatların dinlənilməsi başa çatıb.

İclasda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva və idarənin struktur bölmə rəhbərləri iştirak ediblər.

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində BŞTİ tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi və uğurların qazanılması məqsədilə həyata keçirilən işlərə dair BŞTİ-nin İnsan resursları, İctimaiyyətlə əlaqələr, Təminat və təchizat, Maliyyə və mühasibatlıq, Hüquq və Ümumi sektor müdirlərinin hesabatları dinlənilib.

Hesabat verən struktur bölmə rəhbərləri kadr məsələləri, kargüzarlıq, ictimaiyyətlə əlaqələr, hüquqi tənzimləmə, tədrisin təşkili, idarəetmə, məktəb fəaliyyətinin tədqiqi, təhlili, planlaşdırılması, idarəetmə, təchizat, maliyyə və digər mövzular barədə il ərzində həyata keçirilən işlərə dair hesabat-məruzəsi ilə çıxış ediblər.

İclasda növbəti ildə təhsil sahəsində aparılacaq islahatlar və təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün həyata keçiriləcək işlər barədə danışılıb.

Tədrisin keyfiyyətinə təsir edən tədbirlər, şagird nailiyyətlərinin davamlı izlənilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması, inkişafetdirici layihə və tədbirlərin həyata keçirilməsi və s. kimi məsələlər ətrafında müzakirələr aparılıb.

İdarə müdiri M.Vəliyeva paytaxtın təhsil həyatında 2017-ci ilin bir sıra parlaq uğurlarla yadda qaldığını bildirib. Həmçinin, qeyd edib ki, təhsilə göstərilən diqqət və qayğı gələcəyimiz olan şagirdlərin daha savadlı, bilikli, intellektual formada yetişməsində böyük rol oynayır. Bunun üçün təhsili idarəetmə sisteminin təkmilləşdirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi növbəti ildə əsas prioritet istiqamətlərdəndir.

Sonda idarə müdiri qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini verib.