19.01.2018

Bölgə müəllimləri üçün təlimlər keçirilib

Regionlarda fəaliyyət göstərən müəllimlər elektron resurslarla bağlı əlavə bilik və bacarıqlar qazanıb.

Respublikanın 10 şəhər və rayonunda ümumi təhsil məktəblərinin müəllimləri üçün təlimlər keçirilib. Təlimlərdə müəllimlərə elektron dərslik və test portalları haqqında geniş məlumat verilib, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib. Bu iş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 255 nömrəli tam orta məktəb tərəfindən “Elektron resursların təbliği” layihəsi çərçivəsində reallaşdırılıb. “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində fərdi kateqoriya üzrə dəstəklənən layihə sentyabrın 22-dən dekabrın 22-dək həyata keçirilib. 

 

Məlumatlılığın artırılması və əyani vəsaitlərlə iş

 

“Elektron resursların təbliği” layihəsinin əsas məqsədi bölgələrdəki ümumi təhsil məktəbləri müəllimlərinin elektron resurslar barədə məlumatlılıq səviyyəsini, elektron dərslik və test portalları ilə işləmək vərdişlərini artırmaq, onların da öz növbəsində bilik və bacarıqlarını şagirdlərlə bölüşməsinə nail olmaqdan ibarətdir. 

Layihənin məqsədinə uyğun olaraq Sumqayıt, Gəncə, Mingəçevir, Abşeron, Quba, Qusar, Qəbələ, Balakən, Zaqatala və Şəkidə müəllimlər üçün təlimlər təşkil edilib. Təlimlər müəllimlərin işinə mane olmamaq üçün şənbə və bazar günləri keçirilib. Şəhər və rayonlar üzrə ayrı-ayrılıqda təşkil edilən təlimlər çərçivəsində əvvəlcə müəllimlərlə elektron resurslar barədə ümumi söhbətlər aparılaraq onların bu barədə məlumatlılıq səviyyəsi yoxlanılıb. Bundan sonra təlimlər hər bir qrupa uyğun təşkil edilib. 

Təlimlərdə müəllimlərə elektron resurslar barədə ətraflı məlumat verilib. Elek-tron dərslik və test portalları ilə işləmək qaydaları, portallarda qeydiyyatdan keçmək üsulu əyani şəkildə göstərilib. Həmçinin, təlim iştirakçıları da bu işləri həyata keçiriblər. Bu zaman ortaya çıxan suallar cavablandırılıb. Təlim iştirakçılarına xüsusi bukletlər təqdim edilib. 

Təlimlərdə müəllimlərə tövsiyə olunub ki, elektron resurslarla bağlı qazandıqları bilik və bacarıqları dərs zamanı şagirdlərlə bölüşsünlər. Onlara elektron dərslik və test portalları ilə işləmək qaydalarını öyrətsinlər. 

 

Təcrübənin bölüşdürülməsi və yeni nailiyyətlər

 

Təlimlər bölgələrdə fəaliyyət göstərən müəllimlər tərəfindən maraqla qarşılanıb. Təlimlər onların elektron resurslara dair bilik və bacarıqlarının artmasına müsbət təsir göstərib. Bu isə müəllimlərin dərsi daha keyfiyyətli keçməsinə və şagirdlərə yeni biliklər verməsinə kömək edib. Həm də təlimlərdə iştirak edən müəllimlər təcrübələrini digər həmkarları ilə bölüşüblər. Bütün bunlar təlimlərdə iştirak edən müəllimlərin çalışdığı məktəblərə elektron resurslarla bağlı yeniliklər gətirib. Bu da məktəblilərin nailiyyətlərinin yüksəlməsinə şərait yaradıb.

 

İradə ZÜLFÜQAROVA,

Bakı şəhəri 255 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

 

Azərbaycan müəllimi” qəzeti


Açar sözlər: ,  ,