22.01.2018

Respublika Müsabiqəsinin iştirakçıları müəyyənləşib

“Sabahın alimləri” VII Respublika Müsabiqəsinə qeydiyyatdan keçən layihələrin seçim turu başa çatıb.

Qeydiyyatın nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 129 şagirdi 92 layihə ilə müsabiqəyə qatılmaq üçün www.sabahinalimleri.edu.az internet səhifəsində onlayn formada qeydiyyatdan keçib. Elmi Ekspertiza Komitəsinin qərarına əsasən, onlardan 37 layihənin müəllifi olan 59 məktəbli müsabiqədə iştirak etmək hüququ qazanıb. Respublikanın digər ümumi təhsil məktəbləri üzrə isə 399 şagird 244 layihə ilə qeydiyyatdan keçib. Onlardan 113 layihə müəllifi olan 200 məktəbli müsabiqəyə buraxılıb.

Qeyd edək ki, təhsil nazirinin əmrinə əsasən, müsabiqə 14-16 fevral tarixlərində təşkil olunacaq.

Müsabiqənin əsas məqsədi IX-XI sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il  ABŞ-da keçirilən İnteI ISEF - Beynəlxalq Elm  və Mühəndislik Sərgisinə qatılacaq namizədləri müəyyənləşdirməkdən ibarətdir.

“Sabahın alimləri” müsabiqəsinin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman NazirliyiHeydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir.

Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter kateqoriyaları üzrə təşkil olunur.

Onu da qeyd edək ki, “Sabahın alimləri” Respublika Müsabiqəsi 2012-ci ildən keçirilir. 


Açar sözlər: