01.02.2018

Qış tətili başa çatıb 

Ümumi təhsil məktəblərində qış tətili başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri şagirdləri üçün 27-31 yanvar tarixlərini əhatə edən qış tətili müddətində  çoxsaylı maarifləndirici tədbir və ekskursiyalar təşkil olunub.

Tətil günlərində məktəblilər YARAT Müasir İncəsənət  Mərkəzinə ekskursiya ediblər. BŞTİ və YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin birgə təşkilatçılığı ilə fərqli yaş qruplarının tələbatına uyğun təşkil olunan ekskursiyalar zamanı qısa mühazirələr oxunub, yaradıcı oyunlar keçirilib, təlimçilər tərəfindən şagirdlərə daş üzərində boya ilə rəsm çəkmək öyrədilib. Həmçinin, məktəblilərə ustad dərsləri keçirilib, onların tanınmış şəxslərlə görüşləri təşkil edilib.

Tətil günlərində məktəblilər üçün Xalq Təhsili Muzeyinə də ekskursiyalar təşkil olunub. Şagirdlər muzeydə qabaqcıl təhsil müəssisələri və müəllimlər barədə məlumatlandırılıb, eyni zamanda, tədris prosesini əks etdirən fotoşəkillər, nadir dərs vəsaitləri və ləvazimatlar, müxtəlif illərə məxsus dərslik və proqramlar, əl işləri, albomlar, maketlər və digər eksponatlarla tanış olublar.

Tətil günlərində məktəblərin və valideynlərin təşəbbüsü ilə digər tarixi məkanlara və mədəniyyət mərkəzlərinə də ekskursiyalar təşkil edilib.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf mərkəzləri də tətil günlərində fəaliyyətlərini davam etdirib. Bu müəssisələrdə məktəblilərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyə və yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli şərait yaradılıb.

Qeyd edək ki, tətil günlərində məktəblilər üçün maarifləndirici tədbir və ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtını səmərəli keçirməsinə şərait yaratmaq, dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, həmçinin, onlar arasında Azərbaycan təhsilinin nailiyyətlərlə zəngin inkişaf tarixini təbliğ etməkdən ibarətdir.


Açar sözlər: ,  ,