15.02.2018

İdarə rəhbərliyinin görüşləri davam edir

Paytaxtətrafı məktəblərdə keçirilən növbəti görüşlər Sabunçu rayonunda təşkil olunub.

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində paytaxtın ətraf ərazilərində yerləşən ümumi təhsil müəssisələrində keçirilən görüşlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Nərgiz Səfərova, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və valideyn icmasının təmsilçiləri iştirak ediblər.

Görüşlər Sabunçu rayonu üzrə Pirşağı qəsəbə 188 və 305 nömrəli tam orta məktəblərdə təşkil edilib.

Öncə qonaqlar məktəblərlə yaxından tanış olub, sinif otaqlarına baş çəkib, dərs prosesini müşahidə edib, tədris ocaqlarının pedaqoji kollektivi, şagird və valideynlərlə görüşüb.

Görüşlərdə BŞTİ-nin müdir müavini Nərgiz Səfərova “Azərbaycan Xalq Cümhuriyyəti İli”  çərçivəsində məktəblərin qarşısında duran vəzifələr və bu əlamətdar ildə təhsil müəssisələrində keçiriləcək mühazirə, toplantı, “Dəyirmi masa”, xüsusi dərs, məşğələ və konfranslardan, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi, müəllimlərin peşəkarlığının artırılması, informasiya mübadiləsi, məktəblərin təminat-təchizatı və digər müvafiq məsələlərdən danışıb.

Daha sonra N.Səfərova yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, təşəbbüskar müəllimlərin dəstəklənməsi, şagirdlərin fəallığının artırılması, onların maraqlarına əsasən dərsdənkənar tədbirlərin keçirilməsi, məktəb kitabxanalarının fəaliyyəti və valideyn-məktəb əməkdaşlığının diqqət mərkəzində olan mövzulardan olduğunu bildirib.

IX siniflərdə şagirdlərin hazırlıq səviyyəsinin artırılması, düzgün ixtisas və peşə seçiminin təmin olunması məsələlərini xüsusi vurğulayan müdir müavini ümumi təhsil məktəbləri şagirdlərinə yanaşmada onların şəxsi keyfiyyətlərini araşdırmaqla müəllimlərin düzgün qərar verməsinin önəmindən bəhs edib.

Görüşlər zamanı BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri çıxış edib, ayrı-ayrı istiqamətlər üzrə fikirlərini bildiriblər.  

Məktəb direktorları, müəllimlər və valideynlər belə görüşlərin əhəmiyyətindən danışıb, onları düşündürən məsələlərdən bəhs ediblər.

Qeyd edək ki, fevralın 12-dən başlayan görüşlər paytaxtın ətraf ərazilərində yerləşən digər ümumi təhsil məktəblərində də davam etdiriləcək.


Açar sözlər: ,  ,  ,