30.03.2018

Paytaxt  məktəblərində soyqırım qurbanları anılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Təhsil müəssisələrində “31 mart-Azərbaycanlıların Soyqırımı Günüdür”, "Qan yaddaşımız", “Soyqırım Günü” və digər mövzularda mühazirə, toplantı, “Dəyirmi masa”, xüsusi dərs, məşğələ və konfranslar təşkil edilib.

Bundan başqa, “Azərbaycanlıların  soyqırımı tarixin sağalmaz yarasıdır” mövzusunda bədii qiraət gecələri, xüsusi dərs məşğələləri, məktəblilərin esse və inşa yazılarının təqdimatı, əl işlərindən ibarət sərgilər keçirilib.

1918-ci ildə törədilən qanlı hadisələrdən bəhs edən divar qəzetləri, bülletenlər, fotostend və guşələr hazırlanıb.

Tədris ocaqlarında azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya və fləşmoblar keçirilib, sənədli və bədii filmlər nümayiş olunub.

Tədbirlərdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, erməni daşnakları tərəfindən törədilmiş qırğının dəhşətləri, xalqımızın başına gətirilən faciənin tarixi barədə şagirdlərə geniş məlumat verilib.

Qeyd olunub ki, 1918-ci ilin mart ayında ermənilər üç gün ərzində Bakıda minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Sonrakı günlərdə Şamaxı, Quba və digər yerlərdə on minlərlə azərbaycanlı qəddarlıqla öldürülmüş, yaşayış məntəqələri, məscidlər, mədəniyyət abidələri yerlə-yeksan edilmişdir. Xalqımıza qarşı törətdilən bu cinayətlər və həyata keçirilən işğalçılıq siyasəti ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda tam əksini tapmış və bunun sayəsində mart soyqırımına siyasi və hüquqi qiymət verilmişdir.

Tədbirlərdə həmçinin, şagirdlər 31 mart hadisələrinə həsr edilmiş şeirlər, bayatılar və mahnılar söyləyiblər.

Bəzi paytaxt məktəblərinin şagird və müəllim kollektivləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.


Açar sözlər: ,  ,  ,