06.04.2018

Məktəblilərarası III Məntiq Olimpiadası keçiriləcək

Paytaxt məktəbliləri arasında Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası keçiriləcək.

Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və İSTƏK liseyinin birgə təşkilatçılığı ilə keçiriləcək olimpiadada ümumi təhsil məktəblərinin hər iki (Azərbaycan və rus) bölməsinin V-VI sinif şagirdləri iştirak edə bilərlər. İştirakçılar 11-12 yaş qrupunu (14 aprel 2018-ci il tarixinə qədər 10 yaşı tamam olmamış, habelə 13 yaşından böyük şagirdlər müsabiqəyə buraxılmır) əhatə edəcək.

Olimpiada zamanı şagirdlərə xas olan bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinin qiymətləndirilməsi nəzərdə tutulur.

İki mərhələdən ibarət olan olimpiadanın məktəbdaxili mərhələsi aprelin 14-də keçiriləcək. İmtahan bütün məktəblərdə 1,5 saat (10:00-11:30) davam edəcək.

Mayın 26-da olimpiadanın final mərhələsi təşkil olunacaq. Bu mərhələdə ilk turu uğurla keçən şagirdlər iştirak edəcək. İlk turda olduğu kimi, final mərhələsində də 25 test sualının cavablandırılması üçün 1 saat yarım vaxt (90 dəq) ayrılacaqdır.

Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.  


 

“Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası”nın təşkili və keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri


Açar sözlər: ,  ,  ,