27.04.2018

Eko-təqdimatlar davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsi davam edir.

Layihənin əsas məqsədi şagirdlərin milli sərvətlərimiz, dəyərlərimiz və digər aktual ekoloji mövzular üzrə məlumatlandırılmasından ibarətdir.

BŞTİ və SOCAR-ın Ekologiya İdarəsi mütəxəssislərinin birgə əməkdaşlığı ilə təşkil olunan müxtəlif aktual ekoloji mühazirələrə müvafiq istiqamətlər üzrə tədqiqatlar aparan ekoloqlar və ekspertlər dəvət olunublar.

Aprel ayı ərzində Nizami rayonu üzrə 229, Sabunçu rayonu üzrə 107, 112, Suraxanı rayonu üzrə 76, 141, 275, 315, 327, Yasamal rayonu üzrə 150, Xətai rayonu üzrə 59 və Səbail rayonu üzrə 203 nömrəli tam orta məktəblərdə “Sağlam həyat tərzi”, “Alternativ və bərpa olunan enerjinin istifadəsi”, “Azərbaycanın biomüxtəlifliyi”, "Səs-küy çirklənməsi", “Nə edək?“ və “Tullantıların idarəolunması”mövzularında maarifləndirici təqdimatlar keçirilib.

Şagirdlər üçün maraqlı olan təqdimatların keçirilməsi tədris ilinin sonunadək paytaxtın digər ümumi təhsil məktəblərində davam edəcək.