02.05.2018

Ulu öndər şagird və tələbələrin gözü ilə

Beynəlxalq Muğam Mərkəzində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 189-190 nömrəli tam orta məktəb, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə BŞTİ-nin müdir müavini Rəşad Tağıyev, İdarənin struktur bölmə rəhbərləri, müəllim, şagird, tələbə və valideynlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ceyran Kuliyeva qonaqları salamlayaraq, ulu öndər Heydər Əliyevin ölkənin təhsil sisteminə göstərdiyi diqqət və qayğısından danışıb. C.Kuliyeva ümummilli liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ulu öndərin ildönümünün ümumxalq məhəbbətinin təzahürünə çevrildiyini və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağını vurğulayıb.

Daha sonra məktəbin şagirdləri və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tədbirdə ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevə həsr olunan şeirlər səsləndirib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Tədbirdə Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx da nümayiş olunub.