Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində respublika üzrə ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında təşkil olunmuş “Şahin” hərbi-idman oyunlarının final yarışı keçirilib.
Tədbir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra ulu öndərin ordu quruculuğu sahəsində fəaliyyətini əks etdirən film nümayiş etdirilib.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində və məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində əhəmiyyətini vurğulayıb.
Sonra çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev və digər rəsmilər “Şahin” hərbi-idman oyununun şagirdlərin hərbi xidmətə hazırlanmasında rolunu qeyd ediblər.
Yarışlara “Sıra hazırlığı” mərhələsi ilə start verilib. Oyunun əsasnaməsinə uyğun olaraq yarış 8 mərhələ üzrə keçirilib və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin zabitlərindən ibarət yaradılmış Hakimlər Heyəti tərəfindən komandaların nəticələri qiymətləndirilib.
Maraqlı mübarizə şəraitində keçən final yarışında Sumqayıt şəhər komandası I yerə, Yasamal rayon komandası II yerə, Quba rayon komandası isə III yerə layiq görülüb. Yarışda ayrı-ayrı mərhələlər üzrə fərqlənən komandalar və komanda üzvləri Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Yarışlar Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Veteranlar Şurasının birgə qərarı ilə təşkil edilib.