30.05.2018

“Məqsədli karyera” mövzusunda təlimlər keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində şagirdlərə “Məqsədli karyera” mövzusunda təlimlər keçirilir.

“Məktəblinin dostu” layihəsi çərçivəsində təşkil olunan təlimlərin əsas məqsədi yuxarı sinif şagirdlərinin ixtisas seçiminə dəstək vermək, müvafiq bilik və bacarıqların vacibliyini şagirdlərin diqqətinə çatdırmaq, məktəblilərin ixtisas seçimi zamanı geniş məlumat almalarına şərait yaratmaq və praktiki tapşırıqlar vasitəsilə məqsədə gedən yolu müəyyənləşdirməkdən ibarətdir.

Yeddi sessiyadan ibarət təlimlərdə şagirdlərə iş və karyera arasındakı fərq, şəxsi maraq və dəyərlərə uyğun karyera seçimi, öz bacarıq və dəyərlərinin müxtəlif peşə sahələri ilə uyğunluğu məsələlərinə aydınlıq gətirilir. Eyni zamanda, iş, karyera anlayışları və düzgün peşə seçimi prosesinin mərhələləri də müxtəlif nümunələr əsasında araşdırılaraq müzakirələr aparılır.

Qeyd edək ki,  reallaşdırılan təlimlərdə 15 məktəbdən 400 şagirdin iştirakı nəzərdə tutulub. Təlim başa çatdıqdan sonra fəal və seçilmiş şagirdlər üçün peşəkarlarla görüş, "İşdə bir gün" adlı iş yerlərində bir günlük təcrübə proqramı təşkil olunacaq.


Açar sözlər: ,