01.06.2018

Lisey və gimnaziyalara 3 506 sorğu yerləşdirilib

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 nömrəli Klassik Gimnaziya və 287 nömrəli “Zəkalar” liseyinə I sinfə qəbul üzrə elektron ərizələrin qeydiyyatı mayın 31-də başa çatıb.

Qaydalara görə, fevralın 22-dən mayın 31-dək davam edən proses çərçivəsində qeyd olunan ümumi təhsil müəssisələrinə 3 506 elektron sorğu yerləşdirilib. Bu sorğulardan 227-si ərazi üzrə olduğu üçün həmin uşaqlar lisey və gimnaziyalara müsabiqədənkənar qəbul olunublar. Müsabiqə üçün sorğuların sayı isə 3 279-dur.

Ümumilikdə, fevralın 22-dən ötən müddətdə I sinfə qəbul üzrə 42 046 uşaq elektron qeydiyyatdan keçib. Bu isə paytaxt üzrə I sinfə şagird qəbulu proqnozunun 85 faizinə yaxın göstəricidir. I sinfə şagird qəbulu prosesinin 15 sentyabra kimi davam edəcəyini nəzərə alsaq, təkcə bu rəqəmin özü prosesin nə qədər səmərəli olduğunu deməyə əsas verir.

Bu il ilk dəfə olaraq, məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşaq avtomatık I sinfə qəbul üzrə qeydə alınıb. Odur ki, məktəbəhazırlıq qrupunda oxuyan uşaq üçün yenidən I sinfə qəbul üzrə sorğu yerləşdirməyə ehtiyac yoxdur.

Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin  mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 22 fevral-15 sentyabr 2018-ci il tarixlərini əhatə edən elektron ərizələrin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə (http://baku.edu.gov.az/az/page/276) müraciət edə bilərlər.

Həmçinin, I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları (http://baku.edu.gov.az/az/page/277) fəaliyyət göstərir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mektebeqebul.edu.az saytının istifadəçiləri üçün elektron sistem vasitəsilə uşaqların I sinfə qəbulu barədə videotəlimat (https://www.youtube.com/watch?time_continue=1&v=KRMGV9hTHq8) hazırlanıb.

Eyni zamanda, vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün 22 fevral-2 mart tarixlərində BŞTİ-nin rəsmi “Facebook” səhifəsində (https://www.facebook.com/bakuedu.gov.az/) I sinfə qəbulla bağlı suallara cavab verilib.


Açar sözlər: ,  ,  ,