28.12.2018

İlin yekun tədbiri: mükafatlandırma və konsert proqramı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası qaliblərinin və təhsil işçilərinin mükafatlandırılma mərasimi, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konsert proqramı keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, şagirdlər, valideynlər və KİV nümayədələri iştirak ediblər.

BŞTİ-nin tabeliyindəki 20 nömrəli məktəb-liseydə təşkil olunan tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra olimpiadanın gedişi və qaliblərdən bəhs edən videoçarx nümayiş olunub, olimpiada haqqında qısa hesabat nəzərə çatdırılıb.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev bilik yarışının qaliblərini təbrik edib, olimpiadanın istedadlı məktəblilərin formalaşdırılmasındakı müstəsna rolundan danışıb. R.Tağıyev son illərdə təhsil sahəsində şagirdlərin bilik və bacarıqlarının inkişafı istiqamətində böyük işlər görüldüyünü bir daha diqqətə çatdırıb. İdarə müdiri bildirib ki, məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirmək, məktəblilər arasında məntiqə olan marağı artırmaq istiqamətində müvafiq addımlar atılıb.

Sonra olimpiadada yüksək nəticələr əldə etmiş şagirdlərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.

Daha sonra təhsil işçilərinin mükafatlandırılma mərasimi keçirilib.

Mərasimdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva tədbir iştirakçılarını salamlayaraq, təhsil sahəsində aparılan islahatlardan, ötən ildə qazanılmış uğurlardan danışıb.

Çıxışı zamanı M.Vəliyeva təhsil işçilərinin bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcəyinə, təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, ölkədə müasir təhsil sisteminin qurulması və gənc nəslin vətənpərvərlik, azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsində əzmkarlıqla çalışacaqlarına inamını bildirib.

Sonda nazir müavini tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yen il münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Tədbirdə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim olunub. Həmçinin BŞTİ-nin əməkdaşlarına, pedaqoji mühazirə qaliblərinə diplom və hədiyyələr verilib.

Tədbir 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təşkil olunmuş konsert proqramı ilə davam edib. Konsert proqramı çərçivəsində 4 və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin paytaxt məktəblilərindən ibarət dərnək üzvləri musiqi və rəqs nömrələri nümayiş etdiriblər.