21.02.2019

Təhsil müəssisələrində Beynəlxalq Ana Dili Günü

Ümumi təhsil müəssisələrində 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbirlər keçirilib.

Paytaxt məktəblərində 21 fevralın Beynəlxalq Ana Dili günü kimi qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi və doğma dilimizdəki əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi gələcək nəsillərə olduğu kimi ötümək üçün onlarda dilimizə sevgi və hörmət hissini daha da artırmaqdan ibarətdir.

Bakı məktəblərində “Dil xalqın varlığıdır!”, “Dilimiz-dəyərimizdir”, “Tarix ayırsa da, dil birləşdirir!”, “Mənim dilim”, “Ana dilimizi sevək və qoruyaq”, "Ana dilim-doğma dilim", “Azərbaycan dili-milli varlığımızıdır” və digər mövzularda tədbirlər, inşa yazı və şeir müsabiqələri, ədəbi-bədii kompozisiyalar, “Dəyirmi masa”lar, bilik yarışları, xüsusi dərslər və məşğələlər təşkil edilib.

Bakı Şəhəri üzrə Təsil İdarəsi və yerli icra qurumları əməkdaşlarının, ziyalıların, şair və yazıçıların, məktəblərin pedaqoji kollektivi, valideyn və şagirdlərin iştirak etiyi tədbirlərdə Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirilib.

Tədbirlərdə şagirdlərə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət açılıb. Qeyd olunub ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına böyük qayğı ilə yanaşır.

Bundan əlavə, şagirdlər ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Tədbirlərdə Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarxlar da nümayiş etdirilib.