25.02.2019

Mehriban Əliyeva paytaxt məktəblisi Zəhra Salmanlıya hədiyyə göndərdi

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə beynəlxalq turnirin qalibi Zəhra Salmanlını təbrik edib, ona yarışlar zamanı uğurlu çıxışlarına və göstərdiyi vətənpərvərliyə görə hədiyyə göndərib.

Heydər Əliyev Fondunun nümayəndələri Zəhra Salmanlıya kompüter və Fondun müxtəlif nəşrlərini təqdim edib.

Qeyd edək ki, Bakı şəhəri 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı turnirin keçirildiyi zalda Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etirazını bildirib və təşkilatçılara bayrağın yerinin dəyişdirilməyəcəyi təqdirdə, yarışda iştirak etməyəcəyini deyib.

Zəhranın tələbindən sonra Azərbaycan bayrağının yeri dəyişdirilib və bayrağımız daha uyğun yerdə asılıb.

Zəhra Salmanlı turnirdə bütün rəqiblərinə qalib gələrək qızıl medala və diploma layiq görülüb.