27.02.2019

Növbəti “Məktəb seminarları”

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Məktəb seminarları”nın növbəti sessiyaları Nəsimi rayonunun ümumi təhsil müəssisələrini əhatə edib.

Sessiyalarda BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə  və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, metodbirləşmə sədrləri, fənn müəllimləri və məktəb saytlarını idarə edən şəxslər iştirak ediblər.

 “Məktəb seminarları” layihəsinin məktəb direktorları üçün keçirilən sessiyasında çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev ümumi təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, məktəblərin ictimai nüfuzunun daha da artırılması, tədrisin təşkili, layihələrin icrası, buraxılış imtahanlarının yeni qaydalar çərçivəsində təşkili məsələlərindən danışıb.

 İdarə müdiri həmçinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” Təhsil nazirinin əmrinin icrasını təmin etmək məqsədilə “Ümumi təhsildə keyfiyyət ili” ilə əlaqədar həyata keçirilən layihələrdən və qarşıda duran vəzifələrdən bəhs edib.

Qruplar şəklində ayrı-ayrılıqda təşkil olunan sessiyalarda məktəblərin keyfiyyət göstəriciləri, istedadlı şagirdlərlə iş, şagird nailiyyətlərinin qiymətləndirilməsi, keyfiyyətə nəzarət, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, şagirdlərlə psixoloji xidmətin təşkili və digər müvafiq mövzularda çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ümumi təhsil müəssisələrində məktəbdaxili metodiki işə nəzarət, təlim-tərbiyə prosesinin təşkili, məktəblilərin hərtərəfli vətəndaş kimi formalaşdırılması məsələləri də müzakirə olunub. 

Həmçinin “Məktəb seminarları” layihəsi çərçivəsində İdarənin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşları tərəfindən məktəb saytlarını idarə edən şəxslər üçün saytların daha da təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması ilə bağlı təlimlər keçirilib.

Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, “Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.