28.02.2019

Müsabiqə-konfransın II mərhələsi başlayıb

Ümumi təhsil müəssisələrinin rəhbərləri, tanınmış təhsil mütəxəssisləri və qabaqcıl müəllimlərin iştirakı ilə keçirilən müsabiqə-konfransın II mərhələsi başlayıb.

“Uşaq  və gənclərin azərbaycançılıq ideologiyası ruhunda  tərbiyəsi” mövzusunda təşkil olunmuş müsabiqə-konfransın rayon mərhələsində təhsil müəssisələrində keçirilmiş I mərhələdə seçilmiş ən yaxşı tədqiqat işləri təqdim olunur. Müsabiqənin II mərhələsində ən yaxşı tədqiqat işləri Münsiflər heyəti tərəfindən seçiləcək.  

Konfrans şəklində keçiriləcək III mərhələdə isə II mərhələdə qalib  gəlmiş  ən  yaxşı  tədqiqat işləri dinləniləcək və qaliblər müəyyənləşdiriləcək.

Sonda Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müsabiqədə qalib gəlmiş 6 iştirakçıya diplom və hədiyyələr, şəhər mərhələsinin iştirakçılarına isə sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, “Uşaq  və gənclərin azərbaycançılıq ideologiyası ruhunda  tərbiyəsi” mövzusunda təşkil olunmuş müsabiqə-konfransın əsas məqsədi uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşə malik şəxsiyyət kimi formalaşması, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində görülən işləri daha da gücləndirməkdən ibarətdir.