28.02.2019

Respublika çempionatının basketbol idman növü üzrə qalibi açıqlanıb

27-28 fevral 2019-cu il tarixində “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən məktəblər arasında respublika çempionatının basketbol idman növü üzrə final mərhələsinə yekun vurulub. Çempionatın proqramına uyğun olaraq final mərhələsində zona yarışlarında I və II yeri tutan 12 komanda mübarizə aparıb. Yarışların nəticəsi olaraq I yeri Bakı şəhəri 269 nömrəli, II yeri Gəncə şəhəri 19 nömrəli tam orta məktəblərin, III yeri Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın komandası tutub. Qalib məktəb komandası Yunanıstanın Heraklion şəhərində keçiriləcək məktəblərin dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanıb.

Qeyd edək ki, müxtəlif idman növləri üzrə məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir. 2018-ci ilin oktyabr ayından başlanılan basketbol idman növü üzrə yarışlarda 1442 orta məktəb üzrə 70 minə yaxın şagird iştirak edib.