04.03.2019

Beynəlxalq yarışın qalibləri ilə görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə beynəlxalq turnirdən qalibiyyətlə Vətənə qayıdan məktəblilərlə görüş keçirilib.

5 mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunmuş görüşdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, idarənin struktur bölmə rəhbərləri, Azərbaycan Şito-Ryu Karate-Do Klubunun vitse-prezidenti Fərhad Hacıyev, məşqçilər və BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev idmançıları uğurlu nəticələri  münasibətilə təbrik edib, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmana və idmançılara yüksək diqqət və qayğı göstərildiyini bildirib.

İdarə müdiri onu da qeyd edib ki, ölkəmizdə məktəblərin maddi-texniki bazasının və idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən dövlət qayğısı Azərbaycanın qarşıdakı illərdə bu sahədə daha böyük uğurlara imza atacağını deməyə əsas verir.

Azərbaycanın bir çox mötəbər idman yarışlarına ev sahibliyi etdiyini bildirən R.Tağıyev idmançı şagirdlərin bundan sonra da beynəlxalq yarışlarda ölkəmizi ən yüksək səviyyədə təmsil edəcəklərinə əminliyini bildirib.

R.Tağıyev idmançılarımızın Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edərək, bayraq daha uyğun yerdə asıldıqdan sonra yarışa qatılaraq uğurlu nəticələr əldə etmələrini şagirdlərin Vətənə olan sevgisinin təzahürü olduğunu vurğulayıb.

İdarə müdiri, həmçinin paytaxtın ümumi təhsil məktəblərində şagirdlərin idmana olan marağının daha da artırılması, onların fiziki inkişafının təmin edilməsi, sağlam həyat tərzinə cəlb edilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən də bəhs edib.

Tədbirdə məşqçilər və şagirdlər onlara göstərilən diqqətə görə BŞTİ rəhbərliyinə təşəkkürlərini bildirib, bundan sonra da öz fəaliyyətlərində böyük uğurlara imza atmaq üçün səylə çalışacaqlarını söyləyiblər.

Sonda beynəlxalq yarışda qazandıqları qalibiyyətlərinə görə məktəblilərə BŞTİ tərəfindən Təşəkkürnamə və hədiyyələr verilib, xatirə şəkli çəkilib.

Qeyd edək ki, Tehranda keçirilmiş karate üzrə beynəlxalq yarışda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 34 şagirdi parlaq nəticə göstərib. Onlardan 20-si qızıl, 7-si gümüş, 7-si isə bürünc medala layiq görülüb.