06.03.2019

Növbəti “Məktəb seminarları”

2018-2019-cu tədris ili üzrə “Məktəb seminarları”nın növbəti sessiyaları Nizami rayonunun ümumi təhsil məktəblərini əhatə edib. 

Sessiyalarda BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə  və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, metodbirləşmə sədrləri, fənn müəllimləri və məktəb saytlarını idarə edən şəxslər iştirak ediblər.

“Məktəb seminarları” layihəsinin məktəb direktorları üçün keçirilən sessiyasında çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, səmərəli idarəetmənin rolunun artırılması, məktəbin imicinin formalaşdırılması, müəllimlərin peşəkar inkişafı, təhsil müəssisələrinin fəaliyyətinin və uğurlarının daha dolğun təbliği, dərsə davamiyyətin tənzimlənməsi və digər müvafiq məsələlərə toxunub.

İdarə müdiri həmçinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” Təhsil nazirinin əmrinin icrasını təmin etmək məqsədilə “Ümumi təhsildə keyfiyyət ili” ilə əlaqədar həyata keçirilən tədbirlərdən, paytaxt təhsilinin inkişafı istiqamətində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib.

Qruplar şəklində ayrı-ayrılıqda təşkil olunan sessiyalarda təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəbdaxili metodiki işə nəzarət, istedadlı şagirdlərlə iş, məktəbdaxili qiymətləndirmə işinin təşkili, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, təmayülləşmənin tətbiqinin genişləndirilməsində valideynlərin maarifləndirilməsi, məktəb kitabxanalarının fəaliyyətinin gücləndirilməsi və digər mövzularda çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Həmçinin “Məktəb seminarları” layihəsi çərçivəsində İdarənin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşları tərəfindən məktəb saytlarını idarə edən şəxslər üçün saytların daha da təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması ilə bağlı təlimlər keçirilib.

Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, “Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir. 

 


Açar sözlər: