25.12.2019

Məktəblilərin yazı işlərindən ibarət kitabın təqdimatı

“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən məktəblilərin referat müsabiqəsində seçilmiş yazı  işlərindən ibarət kitabın təqdimat mərasimi təşkil olunub.

Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirinin müavini Ədalət Teymurov, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Öncə tədbir iştirakçıları şagirdlərin tarixi şəxsiyyətlərlə bağlı hazırladıqları kompozisiyalarla tanış olublar.

Təqdimat mərasimində çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev paytaxt məktəbliləri arasında təşkil olunmuş referat müsabiqəsinin şagirdlərin tariximizə, tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə və müasir Azərbaycanın inkişaf yoluna diqqət və marağını artırmaq məqsədlərinə xidmət etdiyini bildirib.

Ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini söyləyən İdarə müdiri dahi liderin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də  böyük nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, paytaxtın ümumi təhsil müəssisələrini əhatə edən müsabiqə çərçivəsində çoxsaylı şagirdlər öz referatlarında ulu öndərə olan məhəbbətlərini yaradıcı şəkildə ifadə ediblər.

BŞİH başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov bu müsabiqənin şagirdlərdə elmi araşdırma və tədqiqat aparmaq, tarixi faktları analiz edərək müəyyən nəticəyə gələ bilmək bacarığı aşılamaq baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirinin müavini Ədalət Teymurov, 6 nömrəli tam orta məktəbin direktoru Gülşən Orucova, 132-134 nömrəli Təhsil Kompleksinin müəllimi Aygün Əfəndiyeva, 297 nömrəli tam orta məktəbin şagirdi Əntiqə Niftəliyeva və digərləri müsabiqənin əhəmiyyəti barədə danışıblar. Bildiriblər ki, ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsinə zəmin yaradır.

Qeyd edək ki, 2019-cu ilin əvvəlində Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda məktəblilərin referat müsabiqəsi keçirilib. Müsabiqədə iştirak etmiş 1 116 şagirdin yazı işindən  60-ı seçilərək hazırlanmış kitaba daxil edilib.