28.12.2019

“Sərhədləri birgə aşaq” layihəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 20 nömrəli məktəb-liseydə “Sərhədləri birgə aşaq” layihəsi çərçivəsində tədbir keçirilib.

Layihə Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan-YUNESKO klublarının birgə təşkilatçılığı ilə həyata keçirilib.

Layihənin əsas məqsədi inklüziv idman yarışı vasitəsilə tipik uşaqlarla atipik uşaqların qarşılıqlı inteqrasiyasını təmin etmək, mövcud steriotipləri dəyişdirmək və cəmiyyətdə bu kateqoriyadan olan insanlara müasir yanaşmanın formalaşdırılmasına, həmçinin təkmilləşdirilməsinə dəstək verməkdən ibarətdir.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və digər qurumların əməkdaşları, məktəb direktorları, tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə layihəyə qatılan 6 atipik və 9 tipik 10-12 yaşlı uşaqlar komandalara bölünərək  müxtəlif idman yarışlarında güclərini sınayıb və rəqs nümayiş etdiriblər.

Çıxış edən qonaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan danışıblar. Bildiriblər ki, sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiəsini gücləndirmək məqsədilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” uşaqların cəmiyyətə inteqrasiya olunması və təhsil almaları üçün əlverişli mühit yaradır.

Daha sonra şagirdlərin təltifetmə mərasimi keçirilib.

Tədbir ədəbi-bədii kompozisiyalarla davam edib.