09.06.2020

Respublika fənn olimpiadalarının növbəti final turu keçirilib

İyunun 9-da Respublika fənn olimpiadalarının Azərbaycan dili və ədəbiyyatı, tarix, coğrafiya, kimya və biologiya fənləri üzrə final turu keçirilib. 

Final turu Bakı, Mingəçevir, Qəbələ, Şirvan, Biləsuvar, Xaçmaz və Naxçıvan Muxtar Respublikası olmaqla 8 müxtəlif mərkəzdə təşkil edilib.

Ümumilikdə 372 şagirdin iştirak etdiyi final turunda iştirakçılara kimya fənni üzrə tapşırıqların həlli üçün 4, digər fənlər üzrə isə 3 saat vaxt verilib. 

Olimpiadanın keçirildiyi mərkəzlərdə iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə koronavirusa qarşı bütün qabaqlayıcı tədbirlər həyata keçirilib, dezinfeksiya işləri aparılıb.

Olimpiadanın nəticələrinin ən qısa zamanda elan edilməsi nəzərdə tutulur. Şagirdlər onlara əvvəlcədən təqdim edilən kod və şifrə vasitəsilə olimpiada.edu.az saytına daxil olaraq öz nəticələri ilə tanış ola biləcəklər.

Qeyd edək ki, Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.