18.06.2020

Bakı təhsili 2019-2020-ci tədris ilində

2019-2020-ci tədris ilində ümumi təhsil sahəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə çatdırılması və tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü işlər görülüb.

Təhsildə keyfiyyətin davamlılığını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq məqsədilə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin imkanları səfərbər edilib.

 

Ümumi statistika

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb və 5  Uşaq-Gənclər  İnkişaf  Mərkəzi fəaliyyət göstərir.

2019-2020-ci tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 440 426 şagirdin təlim-tərbiyəsi ilə 27 786 müəllim məşğul olub.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərini 45 573, IX siniflərini 30 888, XI siniflərini 19 612, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 124 nəfər bitirib.

 

43 mindən çox uşaq birinci sinfə elektron qeydiyyatdan keçib

Paytaxt üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinə və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I siniflərinə qəbul olmaq üçün elektron sistem vasitəsilə 43 395 müraciət edilib.

 

I sinfə qəbul prosesində yenilik

İlk dəfə olaraq 2020-2021-ci tədris ili üçün ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu zamanı əvvəlcə elektron sistemdə qeydiyyat prosesi, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilib. Bu yolla müəyyən səbəblərdən elektron sistemdən istifadə etməkdə çəkinlik çəkən valideynlərin qeydiyyat prosesini bitirmək üçün əlavə vaxt qazanması və digər valideynlərlə eyni anda məktəb seçimi mərhələsində iştirak edə bilməsi təmin olunub.

Cari tədris ilindən etibarən ilk dəfə olaraq, ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar da I sinfə qəbul zamanı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi müsahibələrində iştirak edib. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar valideynlərə müsahibənin formasını seçmək imkanı yaradılıb. Valideynlərin seçiminə uyğun olaraq müsahibələr onlayn və ənənəvi (canlı) formada təşkil olunub. Müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün növbəti tədris ili üzrə I sinfə elektron sistemdə avtomatik sorğu yerləşdirilib. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün isə Azərbaycan bölməsi üzrə məktəb seçimi imkanı yaradılıb.

Ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri üzrə I sinfə  müraciət etmiş və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların da I sinfə qəbulu məqsədilə şifahi nitq bacarıqlarını qiymətləndirən müsahibələr təşkil edilib. Valideynlərin seçiminə əsasən müsahibələrin ənənəvi (canlı) və ya onlayn qaydada təşkili mümkündür. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ənənəvi (canlı) müsahibəyə yazılmış valideynlərə şəxsi kabinetlərindəki “Əlaqə” bölməsinə yazaraq və ya elektron sistemdə seçimlərini dəyişərək onlayn müsahibə formasını seçmək imkanı yaradılıb. Bu baxımdan valideynlərə daha çox onlayn müsahibələrə üstünlük verilməsi tövsiyə edilir.

Onlayn müsahibə prosesi “Microsoft Teams” platforması vasitəsilə valideynlə videobağlantı yaratmaqla, Komissiya üzvlərinin uşaqla ünsiyyəti şəklində həyata keçirilir.

 

Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib

Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib.

Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərin (qanuni nümayəndələrin) Alternativ qeydiyyat mərkəzlərinə gəlməsinə ehtiyac yoxdur.

Elektron qeydiyyatdan keçə bilməyən valideynlər “Whatsapp”  nömrələr (+994 55 892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupa təqdim edə bilərlər. İşçi qrup tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə zəruri köməklik göstərilir.

Bu yenilik valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, növbəliliyin aradan qaldırılması və mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar müvafiq normaların qorunması məqsədlərinə xidmət edir.

 

25 832 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub

BŞTİ-nin tabeliyindəki 268 ümumi təhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Məktəbəhazırlıq qruplarında 25 832 uşaq məşğələlərə cəlb olunub. Məktəbəhazırlıq qruplarına Bakı şəhərində tətbiq olunan elektron qeydiyyat təcrübəsi genişləndirilərək, 2019-2020-ci dərs ilindən bütün ölkəni əhatə edib.

 

Şagird yerdəyişməsi elektronlaşdırılıb

2019-cu ildən etibarən ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilib. Təhsil Nazirliyi tərəfindən şagirdlərin elektron yerdəyişməsi prosesi vətəndaşlar üçün daha bir imkan deməkdir. 2019-2020-ci tədris ili ərzində 23 589 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb.

 

39 məktəbdə 170 “Sağlam təhsil” sinfi təşkil edilib

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqi genişləndirilib. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində paytaxtdakı 39 ümumi təhsil müəssisəsində 170 “Sağlam təhsil” sinfi fəaliyyət göstərib.

Həmçinin cari tədris ilində paytaxtdakı 20 məktəbdə 26 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyət göstərib.

 

Təntənəli açılış mərasimləri

2019-2020-ci tədris ili ərəfəsində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilmiş təhsil müəssisələrinin təntənəli açılış mərasimləri keçirilib. Bakı şəhəri 101, 208, 300 nömrəli tam orta məktəblərin açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev iştirak edib.

 

Təhsil sahəsi üzrə mühüm sərəncam və qərarlar

“Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Bakı şəhərində və onun qəsəbələrində 13 təhsil müəssisəsinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 20,0 (iyirmi) milyon manat vəsait ayrılıb.

 “Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında”  və  “Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən, ümumi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə təltif olunublar.

Eyni zamanda “2019-2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, tədris ilində yüksək nəticə göstərək ali məktəblərə daxil olan tələbələrə təqaüd verilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”, “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası” və “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları” təsdiqlənib.

 

Birinci vitse-prezident Mehriban xanım Əliyeva paytaxt məktəbində

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

 

Tədris ilinin ilk dərsləri

Yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə-mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub.

 

163 məktəbdə 358 təmayül sinfi təşkil olunub

Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib.

BŞTİ-nin tabeliyindəki 163 məktəbdə 358 təmayül sinif təşkil olunub. 

Təmayülləşmə ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edir.

    

 60 şagird inklüziv təhsilə cəlb edilib

Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 60 şagird inklüziv təhsilə cəlb edilib. Həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən, məqsədyönlü işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib.

 

İşə qəbul üzrə 1 442 vakansiya təqdim olunub

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi  müsabiqəsinə BŞTİ tərəfindən 2019-2020-ci dərs ili üçün 1442 vakansiya təqdim olunub.

 

993 nəfər işə qəbul olunub

Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqə və müsahibələr nəticəsində 993 nəfər daimi əsaslarla işə qəbul olunub.

Bunlardan:

414 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətsiz müqavilə ilə işə qəbul mərhələsi nəticəsində;

319 nəfər vakant yer üzrə müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində;

260 nəfər müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

 

1 273 nəfər müddətli müqavilə ilə işə qəbul edilib

2019-2020-ci tədris ilində müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1273 nəfər namizəd müddətli müqavilə ilə müxtəlif fənlər üzrə müəllim vəzifəsində işlə təmin olunub.

 

1004 nəfər yaş həddinə çatmış müəllimlə müddətli müqavilə bağlanılıb

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 1004 nəfər ilə 2019-2020-ci dərs ilinin sonunadək müddətli müqavilə bağlanılıb.

 

288 təhsil işçisi təltif edilib

2019-2020-ci tədris ilində ölkə Prezidentinin Sərəncamlarına əsasən, paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə təltif olunublar. Belə ki, Bakı məktəblərində çalışan 8 müəllim “Tərəqqi” medalına, 14 müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Həmçinin gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə Bakı məktəblərində fəaliyyət göstərən 16 müəllim “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 20 müəllim “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı” ilə təltif olunub.

Eləcə də  5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ərəfəsində səmərəli fəaliyyəti ilə fərqlənən 230 təhsil işçisi BŞTİ Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərmanı ilə təltif edilib.

 

364 nəfərin müxtəlif vəzifələrə işə qəbulu həyata keçirilib

2019-2020-ci tədris ilində təşkil edilən müsabiqələr vasitəsilə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 54 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 29 nəfər tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 19 nəfər təsərrüfat işləri üzrə direktor müavini, 27 nəfər psixoloq, 29 nəfər kitabxanaçı, 12 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə rəhbər, 19 nəfər uşaq birliyi təşkilatı rəhbəri, 175 nəfər laborant vəzifələrinə işə qəbul olunub. Qeyd edilən vəzifələr üzrə ümumilikdə, 364 nəfərin işə qəbulu həyata keçirilib.

 

Məktəb idarəçiliyi

2019-2020-ci tədris ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 18 nəfər direktor vəzifəsinə işə qəbul edilib. 

12 direktorun iş yeri dəyişdirilib.

111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Çalışmanın yaş həddinə çatmış 42 direktorla müqavilənin müddəti 2019-2020-ci tədris ili çərçivəsində uzadılıb.

4 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib.

2 xüsusi təhsil məktəbinin fəaliyyəti dayandırılıb.

 

Orta aylıq əmək haqqı 688 manat təşkil edir

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2019-2020-ci tədris ili üçün 688 manat təşkil edir.

 

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

Bakı şəhəri təhsil işçilərinin “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransı keçirilib.

Konfransda ötən tədris ilində keyfiyyətin artırılması istiqamətində görülən məqsədyönlü işlər və parlaq uğurlardan bəhs edilib. Eyni zamanda məktəb idarəetməsi, məktəblərin reytinqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və təmayülləşmə kimi digər məsələlərdən söhbət açılıb.

  

“Məktəb seminarları”na 2500-dən çox iştirakçı qatılıb

BŞTİ tərəfindən 2019-2020-ci tədris ili ərzində təşkil olunan “Məktəb seminarları”na ümumilikdə 2 560 təhsil işçisi qatılıb.

 “Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş Fəaliyyət Planından irəli gələn məsələlərin ümumi təhsil məktəbləri tərəfindən səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir. 

 

Xüsusi hallar və həssas qruplarla iş

BŞTİ-nin təşkilatçılığı ilə “Xüsusi hallar və həssas qruplarla iş: qarşılıqlı fəaliyyətin tənzimlənməsi və səmərəli əməkdaşlıq” mövzusunda “Dəyirmi masa” keçirilib.

“Dəyirmi masa” aidiyyəti qurumlarla mövcud vəziyyəti müzakirə etmək, qarşılıqlı əməkdaşlıq imkanlarına bir daha nəzər salmaq və daha səmərəli işçi platformanın yaradılmasına nail olmaq məqsədlərinə xidmət edib. “Dəyirmi masa”da xüsusi hallarda daha çevik əməkdaşlıqla bağlı müvafiq təkliflər irəli sürülüb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə aydınlıq gətirilib.

 

Məktəb idarəetməsi ilə bağlı görüşlər

Paytaxtın ümumi təhsil müəssisələri direktorlarının iştirakı ilə müşavirə keçirilib.

BŞTİ-nin təşkilatçılığı ilə keçirilən müşavirədə ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmə məsələlərindən bəhs olunub.

Həmçinin mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar məktəb rəhbərləri ilə onlayn müzakirələr aparılır,  pandemiya dövründə təhsil müəssisələrinin fəaliyyətinin təmin olunması ilə bağlı müvafiq təklif və tövsiyələr verilir.

 

28 830 şagird monitorinqə cəlb edilib

İbtidai sinif müəllimlərinin işinin qiymətləndirilməsi, eləcə də zəif göstəricilərə malik şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılması üçün davamlı tədbirlərin görülməsi məqsədilə monitorinq keçirilib.

Monitorinqə  Bakı şəhəri üzrə 218 məktəbdən 28 830 şagird cəlb edilib.

Monitorinqlərin nəticələri ümumi təhsil müəssisələrinin rəhbərləri ilə birlikdə təhlil edilib.

 

Paytaxt təhsilinin keyfiyyət göstəriciləri təhlil edilib

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin 2019-2020-ci tədris ili üzrə IX  sinif şagirdlərinin buraxılış imtahanı (I mərhələ) və I Böyük Summativ Qiymətləndirmənin nəticələri təhlil edilib. Şagirdlərin göstərdikləri nəticələr əsasında hesabatlar hazırlanaraq ümumi təhsil məktəblərinə göndərilib.

İbtidai siniflərdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması və davamlı inkişafın təmin edilməsi məqsədilə paytaxt məktəblərinin IV siniflərində təhsil alan şagirdlərin 2019-2020-ci tədris ili üçün I Böyük Summativ Qiymətləndirmə nəticələri təhlil edilib, müvafiq hesabat hazırlanıb. Bu nəticələr baza qiymətləri kimi götürülərək, növbəti illərdə şagirdlərin fərdi inkişaf dinamikasını izləməyə imkan verəcək.

Təhsil Nazirliyi tərəfindən paytaxt məktəblərində təhsil alan 58 674 nəfər V və IX sinif şagirdi üçün Diaqnostik Qiymətləndirmə keçirilib. Diaqnostik Qiymətləndirmə V siniflər üzrə 28 830,  IX siniflər üzrə 29 844 məktəblini əhatə edib. Hər imtahan fənni üzrə şagirdlərin göstərdikləri nəticələr təhlil edilib, hesabatlar hazırlanaraq ümumi təhsil məktəblərinə göndərilib.

 

“Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib

Bakı şəhərində “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 64-ə çatıb. Onlardan 58-i BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisəsi, 2-si gimnaziya, 2-si internat, 2-si idman məktəbidir.

Layihə üzrə 300 əməkdaş fəaliyyət göstərir.

“Məktəblinin dostu” layihəsi çərçivəsində şagirdlərin asudə vaxtının səmərəli təşkili üçün ekskursiyalar, 12 böyük məktəblərarası turnir və müsabiqə, 200-dən artıq məktəbdaxili intellektual təşəbbüs və sosial məsuliyyət çərçivəsində tədbir həyata keçirilib.

Həmçinin layihəyə daxil olan bütün məktəblərdə fövqəladə vəziyyətlərə hazırlıqla bağlı monitorinqlər aparılıb, bütün siniflər üzrə yanğın vəziyyəti ilə bağlı nəzəri təlimlər reallaşdırılıb və vətənpərvərlik mövzusunda müxtəlif irimiqyaslı tədbirlər keçirilib.

Mövcüd sanitar-epidemioloji vəziyyətlə əlaqədar bir sıra məktəblilərarası yarışlar onlayn təşkil olunub. Belə ki, "Fibonacci" intellektual yarışları keçirilib. Bununla yanaşı, “Məktəblinin dostu” layihəsi, Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr studiyası və “Kulis.az” saytının təşkilatçılığı ilə “Sənə nağıl danışım” adlı müsabiqə də təşkil olunub.

 

36 qrant layihə qalib olub

Paytaxt üzrə 36 layihə Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində qalib olub. BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrindən 39, 58, 84, 129, 145, 150, 155, 177, 212, 214, 216, 232 nömrəli tam orta məktəblərə və 147 nömrəli Texniki-Humanitar Liseyə məxsus layihələr ümumi təhsil müəssisələri kateqoriyası üzrə qaliblər sırasında yer alıb. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən 23 layihə isə fərdi kateqoriya üzrə qalib gəlib.

Hazırda Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinə layihələrin qeydiyyatı yekunlaşıb. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri və bu tədris ocaqlarında çalışan müəllimlər də fəal şəkildə IV qrant müsabiqəsinə qoşulub.

 

Müəllimlər üçün stajkeçmə xidməti təşkil olunub

Ümumi təhsil müəssisələrinin müəllimləri üçün innovasiyalar və yeni texnologiyaların tədrisdə tətbiqi üzrə stajkeçmə xidməti keçirilib. Stajkeçmə xidmətinə BŞTİ-nin tabeliyindəki 36 ümumi təhsil müəssisəsindən 536 müəllim qatılıb.

 

26 məktəbdə informatika təmayüllü siniflər fəaliyyət göstərib

Təhsil Nazirliyi və BP şirkətinin əməkdaşlığı çərçivəsində “İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi” layihəsi həyata keçirilib. Layihə çərçivəsində paytaxtın 26 ümumi təhsil məktəbində informatika təmayüllü siniflər fəaliyyət göstərib.

 

Paytaxt üzrə 5 məktəbdə peşə təmayüllü siniflər yaradılıb

BŞTİ-nin tabeliyindəki 5 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılıb.

Paytaxtdakı 117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.

 

4 məktəbdə İngilis dili resurs mərkəzi fəaliyyət göstərib

BŞTİ və  Britaniya Şurası Təşkilatının (British Council) birgə əməkdaşlığı çərçivəsində 4 ümumi təhsil məktəbində İngilis dili resurs mərkəzləri fəaliyyət göstərib. Mərkəzlərin fəaliyyəti çərçivəsində Britaniya Şurası Təşkilatı (British Council) təlimçilərinin moderatorluğu ilə 4 günlük Müəllimlərin Fəaliyyət Qrupları (“Teacher Activity Groups”) və 2 günlük Debat, Əlaqə, Dialoq (“Debate, Negotitation, Dialogue”) mövzularında təkmilləşdirmə təlimləri keçirilib.

 

“Rəqəmsal bacarıqlar” layihəsi

Paytaxtın 75 ümumi təhsil məktəbi Təhsil Nazirliyi və Alqoritmika MMC-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulub. Layihə çərçivəsində 205 informatika müəlliminin iştirakı ilə “İnformatika müəllimlərinin metodiki biliklərinin və texniki bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda 36 akademik saatlıq ixtisasartırma təlimi keçirilib.

Həmçinin layihə çərçivəsində 12 ümumi təhsil məktəbində “Kod saatı” aksiyası keçirilib. Aksiyada Bakı və Gəncə şəhərlərindən ümumilikdə 1 757 nəfər şagird iştirak edib.

 

“Uğur üçün tədris” layihəsi

Təhsil Nazirliyi və Britaniya Şurası Təşkilatının (British Council) birgə təşkilatçılığı ilə “Uğur üçün tədris” layihəsi həyata keçirilib.

2019-2020-ci tədris ilində layihəyə Bakı şəhəri üzrə 74 ümumi təhsil məktəbi cəlb olunub.

Layihə çərçivəsində 370 ingilis dili müəllimi üçün “Dil təkmilləşdirmə” təlimləri keçirilib.

 

Valideynlər təhsil müəssisələrində

Paytaxtın ümumi təhsil müəssisələrində “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində görüşlər keçirilib, valideynlər məktəb mühiti ilə daha yaxından tanış olublar.

 

20 məktəbdə ekoloji təqdimatlar

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsi reallaşdırılıb. Tədris ili ərzində 20  ümumi təhsil məktəbində müxtəlif ekoloji mövzularda təqdimatlar keçirilib.  

 

285 məktəbdə “Kiçik akademiya” fəaliyyət göstərir

Ümumi təhsil müəssisələrində “Kiçik akademiya”ların fəaliyyəti genişləndirilib.

BŞTİ-nin tabeliyindəki 285 ümumi təhsil məktəbində  “Kiçik akademiya” fəaliyyət göstərir. 22 məktəbdə isə “Kiçik akademiya”nın yaradılması ilə bağlı hazırlıq işləri görülür.

 

32 məktəbdə STEAM layihəsi tətbiq edilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin  “Ümumtəhsil məktəblərində STEAM layihəsinin tətbiq edilməsi” barədə əmrinə  əsasən, 32 ümumi təhsil məktəbində layihənin tətbiqinə başlanılıb. Həmçinin layihə çərçivəsində tədris edən müəllimlər üçün təkmilləşdirmə təlimləri keçirilib. 

 

“Könüllülər ili” çərçivəsində yeni layihə

 BŞTİ tərəfindən “Könüllülər ili” ilə bağlı yeni layihə elan olunub.

“Könüllülükdən peşəkarlığa” layihəsinin əsas məqsədi tələbə və məzun gənclərə bilik və bacarıqlarını artırmaq, təhsil sahəsində təcrübə toplamaq, kollektivlə işləmək bacarıqlarına yiyələnmək, öz ixtisaslarına uyğun kadr kimi formalaşmaq istəyən şəxslərə uğurlu karyera qurmaq imkanı yaratmaq, onların elmi fəaliyyət və keyfiyyət göstəricilərini yüksəltmək, peşəkar kimi formalaşmasına dəstək verməkdən ibarətdir.

 

Şagirdlər yaşadıqları ərazini araşdırıb

Paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Gəlin tanış olaq!” müsabiqəsi keçirilib. VIII-X sinif şagirdləri arasında keçirilən müsabiqə çərçivəsində məktəblilər yaşadıqları ərazinin maddi-mənəvi irsi, dəyərləri, etnoqrafiyası, tarixi, mədəniyyət abidələri, elm xadimləri, görkəmli şəxsləri barədə araşdırma aparıb və videoçarx hazırlayıblar.

 

Tədqiqatçı məktəblilər

Paytaxt məktəblərinin II-IV sinif şagirdləri arasında “Kiçik tədqiqatçılar” müsabiqəsi keçirilib.

Həmçinin paytaxt məktəblərinin “Kiçik akademiya” üzvü olan VIII-X sinif şagirdləri arasında tədqiqatçılıq müsabiqəsi təşkil olunub.

Müsabiqələrin əsas məqsədi şagirdlərin tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, onların gələcəkdə “Kiçik akademiya”larda, intellektual klublarda təmsil olunmasını təmin etmək, şagirdlərdə məruzə ilə çıxış etmək vərdişlərinin formalaşdırılmasına əlverişli şərait yaratmaqdan ibarətdir.

 

“Ən yaxşı təqdimat” müsabiqəsi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının  97-ci ildönümü münasibətilə “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib. Müsabiqənin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin şagirdlərindən 8-i II dərəcəli diploma, 3-ü III dərəcəli diploma, 1-i isə  Tərifnaməyə layiq görülüb.

 

“Ədəbiyyat biliciləri” müsabiqəsi

“Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsində BŞTİ-nin tabeliyində olan məktəblər üzrə 605 məktəbli rayon (şəhər) turunda iştirak etmək hüququ qazanıb. Müsabiqənin ölkə mərhələsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini təmsil edən 7 şagird iştirak edəcək.

 

“Sabahın alimləri” IX Respublika Müsabiqəsi

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 17 şagirdi “Sabahın alimləri” IX Respublika müsabiqəsinin qalibi olub.

Müsabiqədə ümumilikdə 54 layihə qalib seçilib. Qalib layihələrdən 38-i Bakını əhatə edib. Paytaxt məktəblilərindən 2-si I yerə, 7-si II yerə, 8-i isə III yerə layiq görülüb.

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 7 nömrəli tam orta məktəbin şagirdləri Emil Rüstəmli və Ağabagir Əliyev, 175 nömrəli tam orta məktəbin şagirdi Nigar Alşanova ABŞ-ın Finiks şəhərində keçiriləcək İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil edəcəklər.

 

Respublika Fənn Olimpiadaları keçirilib

IX, X və XI sinif şagirdlərinin iştirakı ilə Respublika Fənn Olimpiadaları keçirilib. Bakı üzrə məktəblilərin Respublika fənn olimpiadalarının şəhər mərhələsində 7000-ə yaxın, yarımfinal turunda isə 1 810 şagird şagird iştirak edib.

Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinin ən qısa zamanda elan edilməsi nəzərdə tutulur.

 

İstedadlı şagirdlər üçün eksternat imtahanları keçirilib

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında  imtahan keçirilib. İmtahanlarda şagirdlərin təhsil aldıqları sinfin II (ikinci), növbəti sinfin I (birinci) yarımili üzrə fənn proqramlarını mənimsəmə səviyyələri, psixoloji dayanıqlıqları, yaradıcı potensialları, ümumi dünyagörüşü səviyyələri yoxlanılıb və ibtidai təhsil səviyyəsi üzrə 3 (üç) şagird müvəffəqiyyət qazanıb. 

 

Əvvəlki illərdə təhsilini başa vura bilməyənlər üçün eksternat imtahanlarında 457 nəfər müvəffəq olub

Müxtəlif səbəblərdən əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün 2019-2020-ci tədris ilində təşkil edilən eksternat imtahanlarında ümumilikdə 752 nəfər iştirak edib. Onlardan 457 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.

 

Paytaxt məktəbliləri beynəlxalq arenada

Məktəblilər virtual şəkildə təşkil olunan IX Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadasında  (EGMO) 3 medal qazanıblar.

Sözügedən elm yarışında ölkəmizi təmsil edən Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Zəhra Bayramlı, Humanitar fənlər təmayüllü məktəb-liseyin X sinif şagirdi Aysun Bayramlı və Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fidan Qarayeva uğurla çıxış edərək bürünc medal əldə ediblər.

Paytaxt məktəblisi Aydın Süleymanlı beynəlxalq şahmat festivalının qalibi olub.  

Belə ki, 249 nömrəli tam orta məktəbin şagirdi olan gənc şahmatçımız Moskvada keçirilən “Aeroflot open” şahmat festivalının güclü A turnirində 9 turdan 6,5 xal toplayaraq növbəti parlaq qələbəyə imza atıb.

177 nömrəli tam  orta məktəbin şagirdi  Leyla  Məmmədzadə  və 16 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Əli Bağırov Sankt-Peterburq şəhərində keçirilən “Özündə alimi kəşf et”  VI Ümumrusiya elmi-innovasiya konfransında uğurla iştirak edərək III dərəcəli diploma layiq görülüblər.

 

Müsabiqə qalibləri təltif olunub

Ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilmiş gənc fiziklərin, kimyaçıların və bioloqların yaradıcılıq müsabiqələrinin qalibləri təltif olunub.

Müsabiqələrdə qalib gəlmiş məktəblilərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunub.

 

“Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” keçirilib 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında  gənc fiziklərin yaradıcılıq müsabiqəsi təşkil edilib. 

Müsabiqənin rayon mərhələsində 249 ümumi təhsil müəssisəsindən 747 şagird mübarizə aparıb. 

 

Beynəlxalq əməkdaşlıq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin rəhbərliyi ilə İrlandiyanın Dublin şəhərinə təhsil səfəri təşkil edilib.

Səfər “Məktəb İnspeksiyalarında innovasiyaların tətbiqi” mövzusuna həsr edilib. Səfər çərçivəsində təcrübə mübadiləsi aparılıb, görüş və müzakirələr keçirilib.

 

Kollektiv Müqavilə imzalanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Bakı şəhəri rayon Komitələri ilə 2019-2021-ci illər üzrə Kollektiv Müqavilə imzalanıb.

 Kollektiv Müqavilə təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni maraqlarının müdafiəsi, habelə əməyin mühafizəsinin təşkili sahəsində əhəmiyyətlidir.

 

Təhsil işçiləri üçün təlimlər

Təhsil Nazirliyi, BMT-nin Uşaq Fondu (YUNİSEF) və “Regional İnkişaf” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində paytaxt müəllimləri üçün “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimləri keçirilib. Təlimlərdə BŞTİ-nin tabeliyindəki məktəblərdə fəaliyyət göstərən 2500-dən çox ibtidai sinif müəllimi iştirak edib.

Məktəbəhazırlıq qruplarında tədris aparacaq müəllimlər üçün yekun qiymətləndirmə keçirilib. İmtahanda “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlimləri başa vuran 1000-ə yaxın ibtidai sinif müəllimi  iştirak edib.

2019-2020-ci tədris ilində müxtəlif mövzular üzrə keçirilən ixtisasartırma təlimlərində ibtidai sinif və fənn müəllimlərindən ibarət 8000-dən çox təhsil işçisi iştirak edib.

Həmçinin BŞTİ, Təhsildə Araşdırma və İnkişaf  Mərkəzinin birgə təşkilatçılığı ilə İdarənin tabeliyindəki təhsil müəssisələrində çalışan  psixoloqlar  və  təşkilati işlər üzrə direktor müavinləri  üçün  “Ümumi  təhsil müəssisələrində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması” istiqamətində “Davranış pozuntuları və müdaxilə: yeniyetmələrdə neqativ asılılıqlar və onlarla mübarizə yolları, bulinq, psixodiaqnostika” mövzusunda təlimlər təşkil edilib.

 

Məktəblilərin sosial-emosional sağlamlığı diqqət mərkəzindədir

Təhsil Nazirliyi tərəfindən #MənimləDanış sosial kampaniyası keçirilib. Bununla bağlı hazırlanmış maarifləndirici sosial çarx ictimaiyyətə təqdim edilib.

BŞTİ-nin təşkilatçılığı ilə tərbiyə işləri üzrə direktor müavinləri  (təşkilatçılar), məktəb psixoloqları, uşaq birliyi təşkilatı rəhbərləri, müəllim və şagirdlərin iştirakı ilə məktəblərdə “Bullinq” mövzusunda seminarlar keçirilib.

Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun (YUNİSEF) birgə əməkdaşlığı çərçivəsində paytaxtın ümumi təhsil müəssisələrində VI-VIII sinif şagirdləri üçün “Mənimlə danış” kampaniyası çərçivəsində “Bullinq” mövzusunda seminarlar keçirilib.

Təlimə Dəstək Mərkəzi tərəfindən BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində maarifləndirici seminarlar keçirilib. Seminarlarda məktəblərin pedaqoji kollektivinə,  Vll-Xl sinif şagirdlərinə və valideynlərə  “Yeniyetməlik yaş dövrünün xüsusiyyətləri, problemləri”, “Valideyn-övlad münasibətləri”, “Valideyn-məktəb əməkdaşlığı” mövzularında məlumat verilib.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən "Məktəbdə sağlam sosial emosional mühitin formalaşdırılması" proqramı üzrə təlimlər keçirilib.

 

Ulu öndərin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş virtual sərgi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş Bakı şəhər məktəblilərinin əl işlərindən ibarət virtual sərgi keçirilib.

BŞTİ-nin rəsmi internet saytında, sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində yayımlanan virtual sərgidə istedadlı şagirdlərin təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, fauna, elmi-texniki və dizayn sahələrindən ibarət əl işləri nümayiş olunub.

 

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər

BŞTİ-nin təşkilatçılığı ilə paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçirilib.

 

Paytaxt məktəblərində “Nəsimi ili”nə həsr olunmuş tədbirlər

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində “Nəsimi ili” çərçivəsində silsilə tədbirlər, ədəbi-bədii gecələr, müsabiqələr, disput, “Dəyirmi masa” və konfranslar təşkil edilib.

Paytaxtın ümumi təhsil müəssisələri IX-XI sinif şagirdləri arasında “Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” adlı təqdimat müsabiqəsi keçirilib. Müsabiqədə 247 məktəbdən 741 şagird 10 tədqiqat mövzusu üzrə təqdimatlarını nümayiş etdirib.

Müsabiqənin mükafatlandırılma mərasimində qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.

 

“Teledərs” layihəsi həyata keçirilib

Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar Təhsil Nazirliyi tərəfindən “Teledərs” layihəsi həyata keçirilib.

Ümumi təhsil müəssisələrində tədris prosesinin dayandırılması səbəbindən dərslərin onlayn öyrənilməsi üçün təşkil edilmiş teledərslər martın 11-dən etibarən “Mədəniyyət” və “ARB Günəş” telekanallarında həftənin 5 günü şagirdlərə təqdim olunub. Teledərslər bütün sinifləri əhatə edib, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunub.

“Teledərs” layihəsinin həyata keçiriləməsində paytaxt müəllimləri də fəal iştirak ediblər.

 

Müəllimlər tərəfindən onlayn dərslər keçirilib

Koronavirus pandemiyası dövründə Azərbaycan məktəbi, Azərbaycan müəllimi yüksək hazırlıq səviyyəsini göstərə bildi. Bu dövr ərzində müəllimlərimizin fədakarlığı, peşəkar yanaşması, onlayn dərslərin keçirilməsi təşəbbüsünə qoşulmaları da xüsusilə qeyd olunmalıdır.

Belə ki, mövcud vəziyyətlə bağlı məktəblərdə fasilə yaransa da, müəllim-şagird ünsiyyəti davam edib və müəllimlər tərəfindən onlayn dərslər keçirilib.

 

“Virtual məktəb” layihəsi üzrə paytaxtda 340 000-dən çox istifadəçi qeydiyyatdan keçib

Ölkədə təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə həyata keçirilən digər layihə - “Virtual məktəb” layihəsi fəaliyyətə başlayıb.

Teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə həyata keçirilən “Virtual məktəb” layihəsinə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri üzrə 340 000-dən çox istifadəçi qeydiyyatdan keçib.

 

Vətəndaşlara psixoloji dəstək göstərilib

Təhsil Nazirliyi tərəfindən şagird, valideyn və ümumilikdə bütün vətəndaşlara psixoloji xidmət üçün yaradılmış 146-3 "Qaynar xətt" xidməti fəaliyyət göstərib. Ölkəmizdə yeni koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən "Qaynar xətt" xidməti ilə əlaqə yaradıblar.

146-3 "Qaynar xətt" xidmətində BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzinin və ümumi təhsil məktəblərinin psixoloqları da səmərəli fəaliyyət göstəriblər.

 

BŞTİ fəaliyyətini məsafədən təşkil edib

BŞTİ mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, fəaliyyətini məsafədən təşkil edib.

İdarə rəhbərliyinin təşəbbüsü ilə müzakirə və məsləhətləşmələr onlayn qaydada aparılıb, zərurət olduqda videokonfranslar təşkil olunub.

 

Məktəblilər arasında onlayn müsabiqələr keçirilib

BŞTİ tərəfindən “Böyük zəfərin  başlanğıcı!” mövzusunda onlayn rəsm müsabiqəsi keçirilib. “Aprel döyüşləri”ndə şəhid olmuş qəhrəman əsgərlərin xatirəsinə həsr edilmiş rəsm müsabiqəsi BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında onlayn qaydada keçirilib. Müsabiqəyə 2000-ə qədər rəsm işi təqdim olunub. Müsabiqənin nəticələrinə əsasən, 9 iştirakçı qalib seçilib, 15 iştirakçı isə həvəsləndirici yerə layiq görülüb.

BŞTİ tərəfindən 28 may - Respublika Gününə həsr edilmiş onlayn videotəqdimat müsabiqəsi keçirilib. VII-XI sinif şagirdləri arasında baş tutan müsabiqənin nəticələrinə əsasən 6 iştirakçı qalib seçilib.

BŞTİ tərəfindən keçirilən “Sevimli nəğmələr” uşaq mahnı və “Oxu və əylən!” müsabiqələri mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, onlayn şəkildə davam etdirilib.

Müsabiqələrin keçirilməsinin əsas məqsədi məktəblilər arasında ifa mədəniyyətini yüksəltmək, mənəvi sərvətimiz olan uşaq mahnılarının şagirdlər tərəfindən dinlənilməsi və öyrənilməsinə dəstək vermək, istedadlı və mütaliəyə marağı olan şagirdləri vaxtında üzə çıxarmaqdır.

 

“Uşaqlar gələcəyimizdir”adlı onlayn tədbir

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar gələcəyimizdir”adlı onlayn tədbir keçirilib.

Məktəbli uşaqların iştirakı ilə keçirilən onlayn tədbirə Təhsil naziri Ceyhun Bayramov və BŞTİ-nin müdiri Rəşad Tağıyev də qoşularaq uşaqları təbrik ediblər.

Onlayn tədbirdə paytaxt məktəbliləri və Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvlərinin ifasında musiqi nömrələri, ədəbi-bədii kompozisiyalar, səhnəcik və rəqslər nümayiş etdirilib.

 

Şagirdlər və valideynlər üçün sosial-maarifləndirmə layihəsi həyata keçirilib

 BŞTİ tərəfindən mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar evdə qalan valideyn və şagirdlər üçün sosial-maarifləndirmə layihəsi təqdim olunub. Layihə çərçivəsində BŞTİ-nin tabeliyindəki məktəblərdə çalışan psixoloqların müvafiq mövzular üzrə videomüraciətləri ictimaiyyətə təqdim olunub.

 

Məktəblərdə dezinfeksiya işləri aparılıb

Paytaxtın ümumi təhsil müəssisələrində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar dezinfeksiya işləri və qabaqlayıcı tədbirlər həyata keçirilib.

Paytaxtdakı 54 nömrəli tam orta məktəbdə həyata keçirilən dezinfeksiya prosesini KİV nümayəndələri də izləyib. Həmçinin bütün təhsil müəssisələrində xüsusi karantin dövrünün tələblərindən irəli gələn qaydaların tətbiqinə nəzarət gücləndirilib.

 

Onlayn bayram tədbiri keçirilib

15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş onlayn bayram tədbiri təşkil olunub.

Onlayn tədbirdə paytaxt məktəblilərinin və Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvlərinin ifasında musiqi nömrələri, ədəbi-bədii kompozisiyalar, səhnəcik və rəqslər nümayiş etdirilib.

 

Məktəb kollektivləri xeyriyyə aksiyaları təşkil edib

Xüsusi karantin rejimi dövründə paytaxtdakı ümumi təhsil müəssisələrinin kollektivləri də sosial yardımlaşma təşəbbüslərinə qoşularaq çoxsaylı xeyriyyə aksiyaları keçiriblər.

Belə ki, BŞTİ-nin tabeliyindəki bir sıra təhsil müəssisələrinin pedaqoji heyətinin, şagird və valideynlərin təşəbbüsü ilə ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi səbəbindən ehtiyacı olan ailələrə müxtəlif formada yardımlar edilib.

 

Paytaxt məktəblilərindən fərqli #evdəqal təşəbbüsləri

Paytaxt məktəbliləri koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar #evdəqal aksiyasında fəallıq göstərib, fərqli təşəbbüslərlə çıxış ediblər.

Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri evdə çəkib sosial şəbəkələr vasitəsilə ictimailəşdirdikləri videoçarx və fotogörüntülərdə “Evdə qal, bu, bir tətil deyil!”, “Evdə qal, kitab oxu!”, “Evdə qal, təhsildən qalma!”, “Evdə qal, virusa son qoy!”, "Evdə qal, nümunə ol!" və digər bu kimi fikirləri ifadə ediblər.Həmçinin videogörüntülərdə məktəblilər evdə qalıb öz vaxtından daha səmərəli istifadə etməyin yolları barədə də məlumat veriblər.

 

Mövcud vəziyyətlə əlaqədar ictimaiyyət məlumatlandırılıb

COVİD-19 pandemiyası ilə mübarizədə ictimaiyyətin maarifləndirilməsi məqsədilə UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin valideyn və uşaqlar üçün nəzərdə tutulmuş müvafiq məlumatları BŞTİ-nin sosial şəbəkə səhifələrində yayımlanıb. Həmçinin daha çox  valideynə və şagirdə çatdırılması üçün məlumatların məktəblərin və təhsil işçilərinin sosial şəbəkə səhifələrində yayımlanması istiqamətində müvafiq tədbirlər görülüb.

 

İdman sahəsində 993 medal

2019-2020-ci tədris ilində Bakı məktəbliləri idman sahəsində də ciddi nailiyyətlərə imza atıblar. 

Paytaxt məktəbliləri idmanın müxtəlif növləri  üzrə beynəlxalq və respublika yarışlarında 365 qızıl, 308 gümüş, 320 bürünc  olmaqla ümumilikdə, 993 medal əldə ediblər.

 

“Olimpiya Hərəkatı” layihəsi çərçivəsində Bakı şəhər birinciliyi

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən birgə imzalanmış əmrə əsasən, “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində məktəblilərin Bakı şəhər birinciliyi keçirilib.

Badminton,  velosiped, həndbol idman növləri üzrə yarışan məktəblilər I, II, III yerlərə layiq görülüb. Qalib komandalara kubok, diplom, medal və həvəsləndirici hədiyyələr təqdim olunub.

    

Paytaxt məktəbinin müəllimi dünya çempionu olub

Bakı şəhəri  306 nömrəli tam orta məktəbin idman müəllimi Sübhan Hümbətov İtaliyada Hapkido döyüş növü üzrə keçirilən dünya çempionatında 75 kiloqram çəki dərəcəsində I yerə çıxaraq dünya çempionu adını qazanıb və qızıl medala layiq görülüb.

 

Tarixi şəxsiyyətlərin yubileyləri qeyd olunub

Paytaxtın ümumi təhsil müəssisələrində ölkə Prezidentinin Sərəncamlarına əsasən, yubileyləri qeyd edilən ziyalıların və tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilib.

 

Uşaq-Gənclər İnkişaf Mərkəzləri beynəlxalq festivallarda

BŞTİ-nin tabeliyindəki 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Zirvə” rəqs kollektivi Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Nevanın nağılları” xoreoqrafik müsabiqə-festivalında iştirak edib.

20-dən çox ölkənin qatıldığı “Nevada nağıllar” adlı xoreoqrafik festivalda 5 nömrəli UGİM-in “Uşaq xalq rəqsləri” dərnəyinin üzvləri uğurlu çıxışlarına görə I, II, III yerlərə layiq görülüblər.

 

“Gənc istedadlar" breyn-rinq bilik yarışı

Paytaxt məktəbliləri arasında “Gənc istedadlar" breyn-rinq bilik yarışı keçirilib.

Yarış ayrı-ayrı fənlər üzrə istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviqi, şagirdlərin müxtəlif sahələr üzrə istedad, dünyagörüş və intellektual səviyyəsinin üzə çıxarılması məqsədini daşıyıb.

 

Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçirilib

Bakı Ekspo Mərkəzində təşkil edilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində yeni layihələr və mövcud təhsil imkanları təqdim olunub. Sərgidə dünyanın 22 ölkəsini təmsil edən 150-dən çox təhsil strukturu iştirak edib.

Paytaxtdakı ümumi təhsil müəssisələri sərgidə fəal iştirak edib, müəllim və şagirdlər sərgidə təqdim olunan yenilik və təhsil imkanları ilə tanış olublar.

 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilib

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilib.

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən forumun əsas məqsədi gənc müəllimlərin ümumrespublika səviyyəsində toplantısı vasitəsilə onların gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək və əməkdaşlıq şəbəkəsini genişləndirməkdir.

 

“Sənədsiz məktəbli qalmasın” aksiyası keçirilib

“Sənədsiz məktəbli qalmasın” aksiyası çərçivəsində Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin şagirdlərinə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi təmin edilib.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə keçirilən aksiyanın əsas məqsədi şagirdlərin vaxt itkisi olmadan müvafiq xidmətlərdən yararlanmalarını təmin etməkdən ibarətdir.

 

Məktəblilər üçün ekskursiyalar

Paytaxt məktəblilərinin Heydər Əliyev Mərkəzi, Xalq  Təhsili   Muzeyi, YARAT Müasir İncəsənət Mərkəzinə və digər tarixi abidə və muzeylərə ekskursiyaları təşkil olunub.

  

Təhsil müəssisələrində maarifləndirici təlimlər

Təhsil müəssisələrində şagirdlərin zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılması, sağlam həyat tərzinin formalaşdırılması, QİÇS, talassemiya ilə mübarizə, yol hərəkəti qaydaları, fövqəladə hallarda davranış qaydaları, peşə seçimi, reproduktiv sağlamlıq və digər mövzularda sağlam həyat tərzini təbliğ edən maarifləndirici tədbirlər keçirilib.

  

Məktəblilər vətənpərvərlik ruhunda tərbiyə edilir

Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə Azərbaycan  tarixi haqqında həqiqətləri çatdırmaq məqsədilə təhsil müəssisələrində müvafiq tarixi günlərə həsr olunmuş silsilə tədbirlər keçirilib. Həmçinin pedaqoji işçilər  və məktəblilərin  Şəhidlər Xiyabanına və “Ana  fəryadı” abidəsinə ziyarətləri təşkil edilib.

  

Təmir, tikinti, təchizat

2019-2020-ci tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 5 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, 2 məktəbin köhnə binasının sökülərək tikintisi, 1 məktəbin isə bütövlükdə sökülərək yenidən tikintisi tamamlanıb. Zəruri olan  ərazidə 1 yeni məktəbin tikintisi tamamlanaraq istifadəyə verilib.

2 məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 2 məktəbin isə köhnə korpuslarının sökülərək yenidən tikintisi davam edir. 1 məktəb üçün əlavə korpusun tikintisi aparılır. Həmçinin ehtiyac olan ərazilərdə 7 yeni məktəbin tikintisinə başlanılıb.

Eləcə də, 109 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb.

 

529 üçtərəfli müqavilə imzalanıb

Təhsil müəssisələrinin maddi-texniki bazasından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlardan istifadə edilməklə, məktəblərdə müxtəlif idman növləri, xarici dil, şahmat, musiqi, rəqs və digər kurslar təşkil edilib. Bakı məktəblərində əlavə dərnəklər, kurslar təşkil etmək üçün 237 üçtərəfli birgə fəaliyyət müqaviləsi imzalanıb.

Həmçinin ali təhsil müəssisəsi tələbələrinin BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində pedaqoji təcrübə keçmələri ilə bağlı 292 üçtərəfli müqavilə imzalanıb.

 

55 mindən çox müraciət daxil olub

2019-2020-ci tədris ili ərzində BŞTİ-yə 55 066 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 8 320 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 28 264 müraciət daxil olub. Xüsusi karantin rejimi dövründən öncə 1 289 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

12 651 sənəd (vətəndaşlar tərəfindən 2 874 ərizə, Təhsil Nazirliyindən 1 611, digər qurumlardan 1 712, məktəblərdən 4 370 məktub, 594  strukturdaxili yazışma və  1 490 kadr ərizəsi)  qəbul olunub. Həmçinin 4 542 elektron müraciətə baxılıb.

Xüsusi karantin rejimi dövründən öncə Bakının 12 inzibati rayonu üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb.

 

İctimaiyyətlə əlaqələr genişləndirilir

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin həyatında baş ve­rən yeniliklər və İdarənin fəaliyyəti haqqında məlumatların operativ şəkildə icti­maiyyətə çatdırılması istiqamətində işlər 2019-2020-ci tədris ilində də müvafiq qaydada yerinə yetirilib.

BŞTİ-nin fəaliyyəti ilə bağlı dəqiq və dolğun məlumatların mətbuatda dərc olunması, media ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə KİV-dən daxil olan sorğular cavablandırılıb.

Televiziya kanallarına və digər KİV-lərə reportajların hazırlanması üçün səmərəli şərait yaradılıb. Mətbuat konfransı və pressturlar təşkil olunub. Müvafiq hüquqi-normativ sənədlər ictimaiyyət üçün şərh edilib, BŞTİ rəhbərliyinin və əməkdaşlarının çıxışları və müsahibələri təşkil olunub.

Kütləvi informasiya vasitələri üçün BŞTİ-nin tədris ili və təqvim ili üzrə ümumi fəaliyyətini əks etdirən qısa hesabatlar hazırlanıb.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri arasında “Ən yaxşı məktəb saytı” müsabiqəsi keçirilib. Paytaxtın hər bir inzibati rayonu üzrə qalib gəlmiş  məktəblər İdarə tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Həmçinin paytaxt məktəblərinin tərbiyə işləri üzrə direktor müavinləri (təşkilatçı) və ümumi təhsil məktəblərinin saytlarını idarə edən şəxslər üçün təlimlər keçirilib.

Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar müəllim, şagird və valideynlər üçün sosial-maarifləndirmə layihələri həyata keçirilib, müxtəlif aktual mövzular üzrə onlayn müsahibələr təşkil olunub, xüsusi karantin rejiminin tələblərinə əməl olunması istiqamətində görülən işlərə dair ictimaiyyətə məlumatlar verilib.