22.07.2020

Daha bir beynəlxalq uğur

İyulun 21-də virtual olaraq keçirilən Kiber Fəza Riyaziyyat Olimpiadasının (Cyberspace Mathematical Competition) nəticələri elan olunub. Nəticələrə əsasən, Azərbaycan məktəbliləri 1 gümüş,  6 bürünc medal və 1 həvəsləndirici mükafat əldə ediblər.

Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 11-ci sinif şagirdi Abbas Məmmədov gümüş, həmin liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Fərid İsmayılov,  9-cu sinif şagirdi Toğrul Abbasov, Bakı şəhəri 220 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Yusif Qasımov, Bakı şəhəri 257 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Fidan Qarayeva və Humanitar Fənlər təmayüllü məktəb-liseyin 10-cu sinif şagirdi Aysun Bayramlı bürünc medal qazanıblar. Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 9-cu sinif şagirdi Amin Cəfərzadə isə həvəsləndirici mükafata layiq görülüb.

Qeyd edək ki, 12-14 iyul 2020-ci il tarixlərində virtual olaraq Kiber Fəza Riyaziyyat Olimpiadası keçirilib. İki gün keçirilən olimpiadada iştirakçılara 4 məsələ təqdim edilib və onların həlli üçün 5 saat vaxt verilib. Beynəlxalq Riyaziyyat Olimpiadasında (İMO) iştirakı nəzərdə tutulan ölkələrin milli komandaları daxil olmaqla,  bilik yarışına ümumilikdə 75 ölkədən 555 məktəbli qatılıb.