05.10.2020

Şagirdlər Beynəlxalq Müəllimlər Günü ilə bağlı məlumatlandırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) ümumi təhsil müəssisələrində şagirdlər 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ilə bağlı məlumatlandırılıb.

Bildirilib ki, 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü Azərbaycanda 1993-cü ildən qeyd edilir. Ölkəmizdə təhsilin inkişafı, müəllim nüfuzunun artırılması və müasir tələblərə cavab verən təhsilverənlər ordusunun formalaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər şagirdlərin diqqətinə çatdırılıb. Məktəblilərə həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin cəmiyyətimizə və gələcəyimizə verdiyi töhfələrdən bəhs edilib.

Müəllimlər yaradılan geniş imkanlardan bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün yüksək təhsilli, savadlı və vətənpərvər gənclər yetişdirmək yolunda əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər. Həyata keçirilən tədbirlər nəticəsində müəllimliyin rəqabətli bir peşəyə çevrildiyini və ümumilikdə müəllim peşəsinə marağın artdığını da bildiriblər.