16.04.2021

Müsabiqənin məktəbdaxili mərhələsi başa çatıb

Ümumi təhsil müəssisələrinin müəllimləri üçün keçirilən “Onlayn dərs” müsabiqəsinin məktəbdaxili mərhələsi başa çatıb.

Müsabiqənin məktəbdaxili mərhələsində hər təhsil müəssisəsi üzrə 3 ən yaxşı onlayn dərs modeli seçilərək mk@baku.edu.gov.az elektron ünvanına göndərilib. Müsabiqənin şəhər mərhələsində isə məktəblər üzrə ən yaxşı onlayn dərs modelləri seçiləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən təşkil olunan müsabiqənin məqsədi ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin onlayn dərslərdəki nəzəri və təcrübi biliklərini digər müəllimlər arasında yaymaq, qabaqcıl təcrübəni öyrənmək, fənlər üzrə ən yaxşı onlayn dərs modellərini müəyyənləşdirməkdən ibarətdir. İki mərhələdən (məktəbdaxili və şəhər) ibarət müsabiqə ibtidai və yuxarı siniflər kateqoriyası üzrə təşkil olunur.

Müsabiqənin nəticələrinə əsasən, ibtidai siniflər kateqoriyası üzrə 3  müəllim  I, 3 müəllim II, 3 müəllim III yerə,  yuxarı  sinif kateqoriyası üzrə isə 5 müəllim I, 5  müəllim II, 5 müəllim isə III yerə layiq  görüləcək.

Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqədə fəal iştirakına görə 15  onlayn dərs tədris edən müəllimə "Tərifnamə" təqdim olunacaq.