23.04.2021

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş onlayn görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 23 aprel-Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş onlayn görüş keçirilib.

Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Aygün Bağırova, Azərbaycan Respublikasının xalq artisti, görkəmli teatr və kino aktyoru, qiraətçi Nurəddin Mehdixanlı, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

BŞTİ-nin müdiri aprelin 23-nün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd edilməsinin əhəmiyyəti və mahiyyəti barədə danışıb. Bildirib ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü barədə qərar 1995-ci ildə Parisdə YUNESKO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu gün bütün dünyada qeyd olunur.

Uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişlərinin inkişafının mühüm əməmiyyət daşıdığını bildirən İdarə müdiri şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və mütaliə vərdişlərinin formalaşdırılması üçün məktəblərdə bu istiqamətdə əlverişli şəraitin yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb. M.Vəliyeva şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin mühüm rol oynadığını bildirib, həmçinin mütaliə üçün motivasiyanın daha da artırılması istiqamətində məktəblərdə görülən işləri yüksək qiymətləndirib.

Görüşdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Aygün Bağırova, Azərbaycan Respublikasının xalq artisti, görkəmli teatr və kino aktyoru, qiraətçi Nurəddin Mehdixanlı, 220 nömrəli məktəb-liseyin müəllimi Xanım Qasımova və məktəblilər “Mütaliə-mənəvi zənginliyə aparan yol”, “Mütaliənin şagirdlərin nitq qabiliyyətinin inkişafına təsiri”, “Rəqəmsal əsrdə kitab və mütaliə”, “Şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması, oxu və yazı bacarıqlarının inkişafı” mövzuları ətrafında fikirlərini bildiriblər.

Görüş müzakirələrlə davam edib.