05.05.2021

“Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilir

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyətinin genişləndirilməsi ilə bağlı tədbirlərə start verilib. Bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, istedadlı və yaradıcı şagirdlərin iştirakı ilə məktəblərarası, rayonlararası müsabiqə və görüşlərin keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, “Kiçik Akademiya”nın bütün bölmələri üzrə şagirdlər tərəfindən aparılan tədqiqat işləri müxtəlif konfrans, “Dəyirmi masa”, müsabiqə, bilik yarışı və s. tədbirlərdə nümayiş etdiriləcək.

Həmçinin “Kiçik Akademiya” üzvlərinin əlavə biliklər əldə etməsi məqsədi ilə mərkəzlərdə inkişafetdirici məşğələlər təşkil ediləcək. Müəllimlərin, səriştəli valideynlərin, mütəxəssislərin iştirakı ilə istedadlı uşaqların inkişafını əks etdirən tədbirlər, sərgilər keçiriləcək.

Hər yarımilin sonunda Bakı şəhərinin inzibati rayonları üzrə müəyyən edilmiş mərkəzlərdə gənc istedadların iştirakı ilə rayon və ümumşəhər şagird konfransları keçiriləcək. “Kiçik Akademiya” üzvlərinin tanınmış elm və təhsil adamları ilə görüşləri təşkil olunacaq. Ümumi təhsil müəssisələrinin saytlarında yaradılan “Kiçik Akademiya” bölməsinə davamlı olaraq yeni məlumatlar yerləşdiriləcək. Hər bir ümumi təhsil məktəbində “Kiçik Akademiya”nın “İntellekt” divar qəzeti təsis ediləcək.

Qeyd edək ki, “Kiçik Akademiya”ların təşkil olunmasında əsas məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir.

 


Ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsinə dair Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri