27.07.2021

Paytaxt məktəbinin məzunu 6 nüfuzlu universitetə qəbul olub

Beynəlxalq biologiya olimpiadasında qızıl medal qazanan paytaxt məktəblisi Azərbaycanda və Türkiyədə 6 nüfuzlu ali təhsil müəssisəsinə qəbul olub.

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 102 nömrəli tam orta məktəbin məzunu Ranal Qurbanov Azərbaycan Tibb Universiti, Türkiyənin Acıbadəm Universiteti, İstanbul Cərrahpaşa Universiteti, Koç Universiteti, Bahçeşehir Universiteti və Eskişehir Osmanqazi Universitetində tibb ixtisası üzrə təhsil almaq imkanı əldə edib.

Lakin R.Qurbanov 1 il müddətində Amerika Birləşmiş Ştatlarında kurs keçəcəyi üçün müvəqqəti olaraq qəbul olduğu İstanbul Cərrahpaşa Universitetində təhsilini dondurub.

Qeyd edək ki, R.Qurbanov 18-23 iyul 2021-ci il tarixlərində Portuqaliyada onlayn təşkil olunmuş 76 ölkədən 296 şagirdin iştirak etdiyi 32-ci Beynəlxalq Biologiya Olimpiadasında (IBO2021) uğurlu nəticə göstərərək qızıl medala layiq görülüb. Bundan əlavə, o,  2020-ci ildə “IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında da uğur qazanaraq gümüş medalla təltif olunub.