28.07.2021

Vətənə xidmət borcuna sadiq müəllim

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən Müharibəsi zamanı xüsusi fəallığı ilə seçilən müəllim Mehman Hüseynovun bioqrafiyasını təqdim edirik:

Mehman Həsən oğlu Hüseynov 1956-cı ildə Cəbrayıl rayonunda anadan olub.

1974-cü ildə Cəbrayıl rayonu M.Qorki adına tam orta məktəbi bitirib. 1974-1980-ci illərdə Bakı Elektrik Rabitə Texnikumunda (indiki Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci) təhsil alıb.  

1975-1977-ci illərdə Macarıstanda hərbi xidmətdə olan zaman Artilleriya batareyasının idarəetmə taqımının kəşfiyyatçısı olub.

I Qarabağ Müharibəsi başlayan kimi könüllü olaraq artilleriya batareyasının idarəetmə taqımının komandiri kimi Daşbaşı və Quşçular əməliyyatlarında iştirak edib. Quşçular əməliyyatı zamanı ağır yaralansa da döyüşü davam etdirərək Cəbrayıl, Ağdam, Horadiz, Füzuli, Murov və Goranboy istiqamətlərində düşmənə qarşı mübarizə aparıb. I Qarabağ Müharibəsində göstərdiyi şücaətə görə o, “Vətən naminə”, ”Fədai”, “Azərbaycan Ordusunun 100 illiyi”, “Müharibə veteranı” medalları və Fəxri fərmanlarla təltif olunub.

Müharibə illərdində qələmə aldığı gündəliyi əsasında “Döyüşdən sonra döyüş” və “Qanlı döyüşlərin canlı şahidləri” kitablarının müəllifi olan M.Hüseynov ”Qızıl Qələm” mükafatı laureatıdır.

2006-cı ildən paytaxtdakı 294 nömrəli tam orta məktəbdə Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri və fiziki tərbiyə müəllimi vəzifəsində çalışır.

Üç övlad atası olan M.Hüseynov Vətən Müharibəsi zamanı çağırışçıların, müvafiq texnika və canlı qüvvənin ön cəbhəyə çatdırılmasında yaxından iştirak edib. Vətən Müharibəsi zamanı fəallığına görə o, Fəxri fərman və diplomlara layiq görülüb.

Vətənin çağırışına səs verən M.Hüseynov Azərbaycana xidmət bocunu bu dəfə də əməli fəaliyyəti ilə sübut etdi.