28.09.2021

“Yaradıcı müəllim” təqdimat müsabiqəsinə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Yaradıcı müəllim"  təqdimat müsabiqəsinə start verilib.

Paytaxt müəllimləri üçün nəzərdə tutulan müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimləri aşkara çıxarmaq,  təhsilverənlərin nəzəri və təcrübi biliklərini digər müəllimlər arasında yaymaq, eyni zamanda, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti daha da artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənməkdən ibarətdir.

İki mərhələdən (məktəbdaxili, şəhər) ibarət müsabiqədə  iştirak etmək istəyən müəllimlər oktyabrın 5-dək müvafiq linkə (https://docs.google.com/forms/d/e/1FAIpQLSdcIYEBLZFuLfDRrfpkxMZV0BLx-rE8x20fdetoxRaZNNZQbw/viewform ) daxil olub qeydiyyatdan keçməlidir.

Daha sonra oktyabrın 30-na kimi müsabiqədə iştirak edən müəllimlər müraciət etdikləri mövzu ilə bağlı tezisi yaradıcımuellim@baku.edu.gov.az ünvanına göndərməlidirlər.

Müsabiqənin şəhər (final) mərhələsində isə müəllimlər müraciət etdiyi mövzunu Münsiflər heyəti və dinləyicilərə 15 dəqiqəlik interaktiv çıxış formatında təqdim edəcəklər.

Təqdimatların qiymətləndirilməsi zamanı mövzunun aktuallığı, yeniliyi, təqdimedilmə forması, istifadə olunmuş ədəbiyyat, nitq və fikri sərbəst ifadə etmək bacarığı, vaxtın düzgün idarəolunması, mövzuya uyğun müasir texnoloji vasitələrdən istifadə əsas meyarlar kimi götürüləcək. Hər bir meyar üzrə 5 bal verilə bilər. 

Müsabiqənin nəticəsinə əsasən, 14 müəllim (3 nəfər I, 3 nəfər II, 3 nəfər III, 5 nəfər isə həvəsləndirici yer) qalib seçiləcək.

Qaliblərə BŞTİ tərəfindən diplom, “Tərifnamə” və hədiyyələr təqdim olunacaq.

 

(Qeyd: Xəbərdə istifadə olunmuş fotolar pandemiya dövründən öncə çəkilib).


“Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri


Açar sözlər: ,