04.11.2021

Paytaxt məktəbliləri hərbi and içdilər-Zəfər Günü tədbiri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Paytaxtdakı 32 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, millət vəkili Sədaqət Vəliyeva,  Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələri, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Yeni Azərbaycan Partiyasının əməkdaşları, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Hərbi orkestrın ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Bakı məktəblilər Zəfər andını oxuyublar.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva tədbir iştirakçılarını qarşıdan gələn 8 noyabr-Zəfər Günü münasibətilə təbrik edib.

M.Vəliyeva Qarabağın incisi Şuşanın noyabrın 8-də 28 illik əsarətdən qurtarması və  xalqımızın döyüş əzminin, qüdrətinin təntənəsinə çevrilən bu misilsiz qələbəsinin Prezident İlham Əliyevin sərəncamı ilə qürurla qeyd edilməsinin tariximizin ən parlaq səhifələrindən biri olduğunu nəzərə çatdırıb. Bildirib ki, illər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin xalqımızın birliyi, həmrəyliyi, ordumuzun rəşadəti və ölkə başçısının qətiyyəti sayəsində əldə etdiyimiz bu qələbə heç vaxt unudulmayacaq, şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı, əsgər və zabitlərimizin şücaəti heç vaxt yaddan çıxmayacaq.

Milli Məclisin deputatı Sədaqət Vəliyeva ulu öndər Heydər Əliyevin siyasəti sayəsində qüdrətli dövlətə çevrilən Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə zəfərə doğru məqsədyönlü şəkildə irəliləməsinin və məqsədinə çatmasının siyasi qanunauyğunluq olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, müasir gəncliyin yüksək səviyyədə yetişdirilməsi və məktəblərdə müşahidə olunan vətənpərvərlik ruhu sabaha olan inamımızı daha da artırır.

Tədbir şagirdlərin ifasında şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalarla davam edib.