04.11.2021

“ZəfərFest” Yaradıcılıq Festival-Sərgisi keçirilib

Noyabrın 4-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında 8 noyabr–Zəfər Gününə həsr olunmuş “ZəfərFest” Yaradıcılıq Festival-Sərgisi keçirilib.

Festival-Sərginin məqsədi Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi, Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü, şanlı qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı uşaq və gənclərin maarifləndirilməsi, ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin, qazanılan zəfərin bütün Türk dünyasının qələbəsi olduğunun gənc nəslə çatdırılmasından ibarət olub.

Festivalın sərgi hissəsində Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin yetirmələrinin Zəfər Günü ilə bağlı hazırladıqları 70-ə yaxın rəsm və əl işlərinə baxış keçirilib.

Bədii hissədə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin bədii özfəaliyyət kollektivlərinin, Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin və Bülbül adına orta ixtisas musiqi məktəbinin kollektivlərinin, ümumilikdə 300-ə yaxın məktəblinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş olunub, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səslənib.