10.11.2021

Bakı məktəblərində Dövlət Bayrağı Günü

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 9 noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər keçirilib.

Belə ki, təhsil müəssisələrində məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Dövlət Bayrağı Gününə həsr olunan konfrans, ədəbi-bədii gecə, mühazirə, disput və “Dəyirmi masa”lar təşkil edilib. Eləcə də təhsil müəssisələrində dövlət atributlarına aid fotostendlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət, inşa yazı müsabiqələri, idman yarışları  keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub. 

Tədbirlərdə milli suverenliyin simvolu və qürur mənbəyimiz olan bayrağımızın yaranma tarixi barədə şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, ölkəmiz müstəqilliyini elan etdikdən sonra ulu öndər Heydər Əliyev tərəfindən üçrəngli bayrağımızın yenidən dövlət rəmzi olaraq bizə qaytarılıb. Ərazi bütövlüyümüzün, mənəvi, mədəni birliyimizin, vahidliyin, bölünməzliyin simvolu olan müqəddəs bayrağımız bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində düşmən tapdağından azad edilən qədim yurd yerlərimizdə vüqarla dalğalanır.

Çıxış edənlər xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımızın həm də milli qürurumuz olduğunu nəzərə çatdırıblar.

Tədbirlərdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.