11.11.2021

Paytaxt məktəbində "Zəfər Günü"nə həsr olunmuş tədbir keçirilib

Noyabrın 10-da Bakı şəhəri 82 nömrəli tam orta məktəbdə "Zəfər Günü"nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, İdarənin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin rəisi Aqşin Əliyev, politoloq Ceyhun Osmanlı, şəhid anaları və şəhid xanımları iştirak edib.

Tədbirdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verilib. 

Tədbirdə çıxış edən qonaqlar Qarabağın incisi Şuşanın noyabrın 8-də 28 illik əsarətdən qurtarması və  xalqımızın döyüş əzminin, qüdrətinin təntənəsinə çevrilən bu misilsiz qələbəsinin Prezident İlham Əliyevin sərəncamı ilə qürurla qeyd edilməsinin tariximizin ən parlaq səhifələrindən biri olduğunu nəzərə çatdırıblar.

Tədbir şagirdlərin ifasında şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalarla davam edib.