17.12.2021

Gənc müəllimlər üçün adaptasiya proqramı çərçivəsində təlimlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə işə yeni qəbul olunmuş gənc müəllimlər üçün adaptasiya proqramı çərçivəsində təlimlər keçirilir.

Təlimə Dəstək Mərkəzi tərəfindən onlayn təşkil olunan təlimlərin əsas məqsədi gənc müəllimlərin məktəb mühitinə uyğunlaşmasına təkan vermək, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması baxımından onları istiqamətləndirmək, tədris prosesində ünsiyyət mədəniyyətini yüksəltmək və təhsilin keyfiyyətinin artırılmasında müəllimin rolunu vurğulamaqdan ibarətdir.

Təlimlərdə müəllimlər kurikulum əsasında keyfiyyətli dərsin təşkili, müəllim-şagird münasibətlərinin tənzimlənməsi, müəllimlərin etik davranış qaydaları və sinfin idarəolunması ilə bağlı məlumatlandırılır.

Qeyd edilən məsələlərlə bağlı müəllimlərlə fikir mübadiləsi aparılır, milli-mənəvi dəyərlərə yiyələnən, millətini və Vətənini sevən, yüksək biliklərə malik gənc nəslin yetişdirilməsində müəllimlərin səylə çalışması ilə bağlı müvafiq tövsiyələr verilir. Həmçinin təlimlərdə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilir.