29.12.2021

Məktəblilərin əl işlərindən ibarət sərgi-yarmarka

Paytaxtdakı peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin şagirdlərinin əl işlərindən ibarət sərgi-yarmarka keçirilib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunmuş sərgidə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Teymur Əhmədov, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, İdarənin müvafiq struktur bölmə rəhbərləri, "Peşə təmayüllü siniflərin təşkili" layihəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

BŞTİ-nin tabeliyindəki 234, 120 və 117 nömrəli tam orta məktəblərin təşəbbüsü ilə təşkil olunmuş sərginin əsas məqsədi şagirdlərin əldə etdikləri ilkin peşə bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq, onlar arasında sağlam  rəqabət hissi formalaşdırmaq, məktəbliləri əmək bazarına hazırlamaq, ətraf mühitə fəal inteqrasiyasını təmin etməkdən ibarətdir. Həmçinin  "Əsas səriştələr" fənnində öyrəndikləri "Peşə etikası və müştərilərə xidmət", "Sahibkarlıq", "Estetika və mədəni özünüifadə" kimi modulların reallaşdırılması və peşə təmayüllü siniflər arasında həmrəylik yaratmaq da əsas hədəflərdəndir.

Öncə 234 nömrəli tam orta məktəbin direktoru Könül Məmmədli “Peşə təmayüllü siniflərin təşkili” layihəsi barədə ətraflı məlumat verib. Bildirib ki, peşə təmayüllü siniflər təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsində mühüm rol oynayır.

BŞTİ-nin müdir müavini Teymur Əhmədov belə sərgilərin təşkil olunmasının əhəmiyyətindən bəhs edib. Peşə təmayüllü siniflərin əsas missiyasından bəhs edən T.Əhmədov məktəblilərin müxtəlif peşələrə olan meyil və maraqlarının müəyyənləşdirilməsi, gələcəkdə peşə və ixtisas seçimində onlara köməklik göstərilməsi, həmçinin şagirdləri yaradıcı əməyə hazırlamaq və düzgün ixtisas seçiminə yönəltməklə bağlı valideynlərin məlumatlandırılması barədə tövsiyələrini səsləndirib.

Çıxış edən digər qonaqlar peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin şagirdlərinin əl işlərindən ibarət sərgi-yarmarkanı yüksək qiymətləndiriblər. 

Sərgi şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.

Daha sonra sərgiyə baxış keçirilib. Sərgidə 3 məktəb üzrə 100-dən çox əl işi nümayiş olunub.

Qeyd edək ki, yarmarkadan əldə olunan vəsait "YAŞAT" fonduna köçürüləcək.