26.01.2022

“Böyük qayıdış” kitabının təqdimat mərasimi

“Böyük qayıdış” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Bakı Şəhəri İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, AMEA Tarix İnstitutunun direktoru Kərim Şükürov, Milli Məclisin deputatları Aydın Hüseynov və Azər Badamov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, qazilər Famil Məlikov, Elvin Məmmədov və digər qonaqlar iştirak ediblər.

BŞİH və AMEA Tarix İnstitutunun birgə layihəsi olan “Böyük qayıdış” kitabının təqdimat mərasimində çıxış edən icra başçısı Eldar Əzizov kitabın əhəmiyyəti barədə danışıb, “Böyük qayıdış” kitabının qələbədən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərlərindəki çıxışlarının toplusu olduğunu qeyd edib.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük bacarıq və qətiyyətlə rəhbərlik etdiyi, rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığın nəticəsi olaraq qələbə ilə başa çatan Vətən Müharibəsinə, dövlət rəhbərimizin işğaldan azad edilmiş rayonlara səfərlərinə həsr olunan “Böyük qayıdış” kitabının hazırlanmasını təqdiralayiq addım kimi qiymətləndirib. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda başladığı Vətən Müharibəsi, 44 gün ərzində Azərbaycan Ordusunun zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifənin təbliği və gələcək nəsillərə tanıdılması üçün  kitabın müstəsna əhəmiyyətə malik olduğunu bildirib.

İdarə müdiri bu kitabın gələcəyimiz olan uşaqların, eləcə də gənc nəsillərin tariximizə, tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə və müasir Azərbaycanın inkişaf yoluna diqqət və marağının artırılmasına, onların Vətənə layiqli şəxsiyyət kimi yetişməsinə böyük töhfə verəcəyinə inamını ifadə edib.

Mərasimdə çıxış edən AMEA Tarix İnstitutunun direktoru Kərim Şükürov, Milli Məclisin deputatları Aydın Hüseynov və Azər Badamov, qazi Famil Məlikov və digər çıxışçılar yeni kitabın əhəmiyyətini qeyd edərək bu nəşrin müharibədən sonrakı dövrdə azad edilən ərazilərdəki bərpa işləri, burada tam yeni infrastrukturun yaradılması və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdışı proseslərinın öyrənilməsində mühüm rol oynayacağını vurğulayıb, kitabın bu işlərin gələcək nəsillərə çatdırılmasında mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.