09.02.2022

Pilot layihə çərçivəsində onlayn görüş keçirilib

“Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” pilot layihəsi çərçivəsində onlayn görüş keçirilib.

Onlayn görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Sevinc Qasımova, BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Təhsil İnstitutunun Layihlərin İdarə olunması şöbəsinin müdiri Nailə Ömərova, BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin əməkdaşı Vüqar Salmanov və İdarənin tabeliyində fəaliyyət göstərən pilot layihədə iştirak edəcək 25 ümumi təhsil müəssisəsinin rəhbərləri iştirak ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva layihənin ümumi təhsil müəssisələrində keçirilməsini yüksək qiymətləndirib. M.Vəliyeva ölkəmizdə uşaq hüquqlarının qorunması, onların hər cür diqqət və qayğı ilə əhatə olunmasının istər dövlətin, istərsə də cəmiyyətin başlıca məqsəd və vəzifələrindən biri olduğunu söyləyib. Bildirib ki, ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəalar uğurla həyata keçirilir.

Daha sonra çıxış edən Təhsil İnstitutunun Layihlərin İdarə olunması şöbəsinin müdiri Nailə Ömərova və BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin əməkdaşı Vüqar Salmanov layihə barədə təqdimatla çıxış ediblər.

Sonda layihə ilə bağlı məktəb direktorlarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Təhsil Nazirliyi, Təhsil İnstitutu və BMT-nin Uşaq Fondu tərəfindən həyata keçirilən layihənin əsas məqsədi təhsil müəssisələrində uşaq hüquqlarının və rifahının daha səmərəli qorunmasına nail olmaqdan ibarətdir.


Açar sözlər: