10.02.2022

“Kiçik akademiya”ların fəaliyyətinə dair növbəti görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə ümumi təhsil müəssisələrində “Kiçik akademiya”ların fəaliyyətinə dair növbəti görüş keçirilib.

Görüşdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov və 12 inzibati rayon üzrə ümumi təhsil məktəblərinin “Kiçik akademiya” rəhbərləri iştirak ediblər.

Görüşün keçirilməsində məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı sistemli tədbirlərin həyata keçirilməsi üçün yaradılan “Kiçik akademiya”ların qarşısında duran məsələlər barədə müzakirə aparmaqdan ibarətdir.

Həmçinin görüşdə yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların “Sabahın alimləri” və bu kimi digər müsabiqələrdə iştirak təcrübələrinin artırılması, müasir tədqiqat metodlarına yiyələnməsi, ali təhsil müəssisələri ilə ümumi təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.

 Görüşdə iştirak edən şagirdlərin təklifləri və fikirləri dinlənilib. “Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsinin və şagirdlərdə tədqiqat işinə marağın artırılmasının qarşıya qoyulan əsas hədəflərdən olduğu bildirilib.