11.02.2022

Pedaqoji mətbuat nümayəndələri ilə görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) pedaqoji mətbuat nümayəndələri ilə görüş keçirilib.

Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimov, “Məktəbəqədər və ibtidai təhsil” jurnalının  baş redaktor əvəzi Böyükağa Mikayıllı, “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının baş redaktoru Sehran Səfərov, “Kurikulum” jurnalının baş redaktor əvəzi Sahib Mənsimov, “Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru Şahbaz Balakişiyev və BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov iştirak ediblər.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva pedaqoji mətbuatı pedaqoji fikir tariximizin və Azərbaycan məktəbinin inkişaf mərhələlərinin canlı salnaməsi kimi dəyərləndirib. M.Vəliyeva Azərbaycanda dünyəvi məktəbin inkişaf yolunda bir sıra hallarda pedaqoji mətbuatın yolgöstərən olduğunu diqqətə çatdırıb.

Azərbaycan müəllimlərinin, təhsil ictimaiyyətinin elmi-pedaqoji yenilikləri daha çox bu qəzet və jurnalların  səhifələrindən izlədiklərini deyən İdarə müdiri görkəmli alimlərin, müəllimlərin bir çoxunun məhz bu mətbu orqanlarında yaradıcılıq yolu keçərək püxtələşdiyini söyləyib.

M.Vəliyeva eyni zamanda BŞTİ tərəfindən pedaqoji mətbuatla bir sıra layihlələrin həyata keçirilməsi ilə bağlı təkliflərlə də çıxış edib. O, uşaqların hərtərəfli inkişafına nail olmaq məqsədilə STEAM, peşə təmayüllü siniflər, qrant layihələr və digər yeniliklərin davamlı olaraq pedaqoji mətbuatda işıqlandırılmasını məqsədəuyğun hesab edib.

Daha sonra çıxış edən “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimov, “Məktəbəqədər və ibtidai təhsil” jurnalının baş redaktor əvəzi Böyükağa Mikayıllı, “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının baş redaktoru Sehran Səfərov, “Kurikulum” jurnalının baş redaktor əvəzi Sahib Mənsimov, “Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru Şahbaz Balakişiyev onlara göstərilən diqqqətə görə təşəkkürlərini bildirib, bundan sonra da pedaqoji mətbuatın əməkdaşlığa hazır olduğunu nəzərə çatdırıblar.