11.02.2022

Nərimanov rayonu üzrə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər

Paytaxtın ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda növbəti dərslər Nərimanov rayonu üzrə ümumi təhsil müəssisələrini əhatə edib.

Nərimanov Rayon İcra Hakimiyyətində təşkil olunan dərslərdə millət vəkilləri Hikmət Babaoğlu və Şahin İsmayılov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Muradova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, İdarənin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Öncə qonaqlar Heydər Əliyevin büstünü ziyarət ediblər. Dərs ulu öndərin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov giriş sözü ilə çıxış edərək gənclərimizin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi və misilsiz xidmətləri barədə danışıb.

BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyan bu dərslərin şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət etdiyini qeyd edib.

Daha sonra millət vəkilləri Hikmət Babaoğlu və Şahin İsmayılov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Muradova ulu öndərin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi yer tutuğunu diqqətə çatdırıblar.

Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə aid şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, dərslər 2021-2022-ci tədris ilinin sonuna kimi davam edəcək.