24.02.2022

“Xocalı- əbədi sağalmaz yara” adlı tədbir

Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı- əbədi sağalmaz yara” adlı onlayn tədbir keçirilib.

Paytaxtdakı Y.Kovalyov adına 229 nömrəli tam orta məktəb və A.Məhərrəmov adına 95 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Milli Məclisin deputatı Könül Nurullayeva, Xocalı şəhəri 1 nömrəli məktəbin direktoru Vidadi Rəhimov, Nizami rayonu 24-cü polis bölməsinin əməkdaşı, Xocalı sakini Taryel Əliyev, Milli Qəhrəman Əlif Hacıyevin bacısı Şükufə Zeynalova, Milli Qəhrəman Yuri Kovalyovun qızı Regina Kovalyova, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və şagirdlər iştirak ediblər.                  

Tədbir Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbir iştirakçılarını salamlayan 229 nömrəli tam orta məktəbin direktoru Vüsalə Məmmədova və 95 nömrəli tam orta məktəbin direktoru Elçin Abdullayev yetişən gənc nəsillərə tarixi həqiqətlərin aşılanması, tariximizə, milli-mənəvi dəyərlərimizə diqqət və marağının artırılması, Vətənə layiqli şəxsiyyət kimi yetişməsində məktəbin, müəllimin üzərinə böyük vəzifə və məsuliyyət düşdüyünü söyləyiblər.

BŞTİ-nin müdir müavini H.Əsgərov azərbaycanlılara, bütünlükdə türk millətinə qarşı düşmən mövqeyindən çəkinməyən erməninin Xocalıda törətdiyi qətliamın yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli olduğunu bildirib. Qeyd edib ki, Xocalının dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutub, şəhəri barbarcasına yerlə-yeksan edən düşmənə layiqli  cavabı 44 gün ərzində Prezident İlham Əliyevin qətiyyətli siyasəti və şanlı Azərbaycan Ordusu verdi, Xocalıda soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı K.Nurullayeva bildirib ki, hər il fevralın 26-nın “Xocalı Soyqırımı Günü” kimi yad olunması, Prezident İlham Əliyevin imzaladığı “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” Sərəncama uyğun olaraq həyata keçirilən tədbirlər faciənin miqyasını, erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan əməllərin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət daşıyır.

 Xocalı şəhəri 1 nömrəli məktəbin direktoru V.Rəhimov, Xocalı sakini T.Əliyev və digər çıxış edənlər azğınlaşmış erməni silahlı birləşmələrinin Xocalıda törətdikləri qətliamı doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqının mübarizə əzmini qırmaq, məhv etmək niyyəti güddüyünü, lakin düşmənin buna nail ola bilmədiyini diqqətə çatdırıblar. Qeyd ediblər ki, Azərbaycanın möhtəşəm qələbəsi ilə yekunlaşan Zəfər savaşı qırılmayan əzmin nümayişi idi.

Tədbirdə faciəni əks etdirən videoçarx nümayiş olunub, şagirdlər Xocalı soyqırımına həsr olunmuş ədəbi nümunələrlə çıxış ediblər.