25.02.2022

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Xocalı faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva Ermənistan tərəfindən Azərbaycana qarşı yürüdülən təcavüz siyasətinin ən ağır hadisələrindən olan Xocalı soyqırımı barədə danışıb, bu tarixin Azərbaycan gəncləri tərəfindən öyrənilməsinin vacibliyini qeyd edib.

M.Vəliyeva belə tədbirlərin həyata keçirilməsi və ümumilikdə məktəblərdə aparılan məqsədyönlü vətənpərvərlik tərbiyəsi işinin gənclərin daha yetkin vətəndaş kimi formalaşmasına xidmət etdiyini vurğulayıb. Vətən Müharibəsində qazanılan Zəfərin xalqımız üçün ən böyük təsəlli olduğunu vurğulayan M.Vəliyeva döyüşən Azərbaycan ordusunun hər bir əsgərinin yüksək vətənpərvərliyində ailəsi ilə yanaşı, Azərbaycan məktəbinin və Azərbaycan müəlliminin də müstəsna rolu olduğunu diqqətə çatdırıb.

Anım tədbirində 4, 5, 6, 7 və 8 nömrəli Uşaq-Gənclər İnkişaf mərkəzlərinin dərnək üzvü olan şagirdlərin  Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyaları təqdim edilib.