25.02.2022

30 ilin xronikası şagirdlərin təqdimatında

Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Ulu tarix, sözünü de sabaha” adlı tədbir keçirilib.

Paytaxtdakı 20 nömrəli məktəb-liseyin təşkilatçılığı ilə keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri Elnur Abdullayev, Ülvi Quliyev, Səbinə Xasıyeva, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Yasamal RİH-in nümayəndələri, şəhid ailələri, məktəb direktorları və şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, müstəqilliyimiz uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbir iştirakçılarını salamlayan 20 nömrəli məktəb-liseyin direktoru Esmira Ağayeva XX əsrin misli görünməmiş cinayəti və Azərbaycan tarixinin ən böyük faciəsi olan Xocalı soyqırımının unudulmaması, tarixi həqiqətlərin təbliği işində məktəbin, müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib.

BŞTİ-nin müdiri M.Vəliyeva 1992-ci ilin soyuq fevral günlərində ermənilərin azərbaycanlılara, dinc insanlara qarşı həyata keçirdikləri insanlığa sığmayan qəddarlığı, körpələrin, qadınların, qocaların işgəncələrlə qətlə yetirildiyi, ləyaqətlərinin alçaldıldığı Xocalı faciəsini XX əsrdə bəşər tarixinin yaşadığı ən qanlı olay kimi xatırlandığını bildirib.  

İdarə müdiri vurğulayıb ki, sadəcə ilin bir günü deyil, mütəmadi olaraq şagirdlərin qədim və çağdaş tariximizdə yaşanan, hər bir azərbaycanlının unutmamalı olduğu hadisələr haqqında məlumatlandırılması, onlarda Vətənə sevgi, sədaqət hisslərinin aşılanması hər zaman təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub.

Tədbirdə şagirdlər Xocalı soyqırımına, hadisələrin ondan sonrakı inkişafına və Vətən Müharibəsində qazanılan şanlı Zəfərə həsr olunmuş ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.